Bakı. Trend:
“Baku Network” analitik platformasının efirində “Tofiq Abbasovla dialoq” proqramının yeni buraxılışı yayımlanıb. Bu dəfəki layihədə diqqət daha çox Azərbaycanla Ermənistan arasında normal münasibətlərin bərpası və sülh yolu ilə nizamlanmanın perspektivlərinə yönəlib.
Studiyanın qonağı dünya səviyyəli alim – fizika-riyaziyyat elmləri doktoru, professor, hazırda Avropa Akademiyasının üzvü olan Kərim Allahverdiyev olub. Alim lazer fizikası sahəsində fundamental araşdırmaları ilə yanaşı, ictimai və geosiyasi prosesləri emosiyalara qapılmadan, siyasi təhriflərə yol vermədən təhlil etmək bacarığı ilə də tanınır.
Müzakirənin mərkəzində müharibə başa çatdıqdan sonra münasibətlərin normallaşması qarşısında yaranan çağırışlar dayanır. Kərim Allahverdiyev vurğulayıb ki, bu maneələrin böyük bir hissəsi süni şəkildə yaradılır və ilk növbədə daşnak strukturları olmaqla, millətçi siyasi qruplar tərəfindən alovlandırılır. Məhz həmin qruplar həm Ermənistanın daxili siyasətinə, həm də dünyanın müxtəlif ölkələrindəki erməni diasporuna təzyiq göstərərək qarşıdurma atmosferini qoruyub saxlayırlar.
“Daşnak partiyası formal olaraq hakimiyyətdə olmasa da, ermənilərin yaşadığı hər yerdə təsirini saxlayır. Metodları isə eynidir: hədə-qorxu, inandırma, loyallığın satın alınması. Bu, artıq çoxdan siyasətin hüdudlarını aşıb”.
Sülh kursunun perspektivlərindən danışan Kərim Allahverdiyev qeyd edib ki, Ermənistanda hakim “Vətəndaş Müqaviləsi” partiyası gərginliyin səviyyəsini azaltmağa çalışır.
Müzakirənin ayrıca hissəsi region ölkələrində millətçilik dərəcələrinin müqayisəsinə həsr olunub. Allahverdiyevin müşahidələrinə görə, Ermənistandakı millətçi yanaşmalar qonşu dövlətlərlə müqayisədə nəzərəçarpacaq dərəcədə daha dərin kök salıb:
“Bu, təkcə ideologiya deyil – onilliklər ərzində formalaşmış davranış modelidir”.
Siyasi kontekstin bütün çətinliklərinə baxmayaraq, Allahverdiyev əmindir ki, normallaşmanın nüvəsini bilavasitə insan dialoqu təşkil edəcək. Bu prosesi diplomatik formullar deyil, adi insan təmasları, peşəkar əlaqələr və birgə layihələr irəli aparacaq.
O, beynəlxalq konfranslarda erməni həmkarları ilə şəxsi təcrübəsindən də danışıb:
“Qərbdə millətçilik hiss etmirdim. Onlar açıq deyirdilər ki, bu münaqişə heç kimə lazım deyil. Amma Ermənistanda bunu ucadan deməyə qorxurlar”.
Söhbəti yekunlaşdıran Allahverdiyev bildirib ki, normallaşma prosesi qaçılmazdır: “Normal münasibətlər mütləq bərpa olunacaq. Artıq bu istiqamətdə irəliləyirik. Əsas məsələ millətçilərə gələcəyin ssenarilərini diktə etməyə imkan verməməkdir”.
Proqramın aparıcısı Tofiq Abbasov da bu fikri dəstəkləyərək qeyd edib ki, region artıq elə bir mərhələyə daxil olur ki, burada rasionallıq və birbaşa insan ünsiyyəti yeni sülh arxitekturasını formalaşdıracaq.
Verlişin tam videoyazısını təqdim edirik:
