Bakı. Trend:
ABŞ-nin Konnektikut ştatının Hartford Universitetində “Qərblə şərqin görüşü” (“West Meets East”) adlı konsert keçirilib. Konsert Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Konnektikut ştatında yaşayan azərbaycanlı musiqiçi, Hartford Universitetinin professoru Kamilla Məmmədovanın təşkilatçılığı ilə baş tutub.
Trend xəbər verir ki, tədbirdə Azərbaycan icmasının nümayəndələri, xarici qonaqlar, universitetin professor-müəllim və tələbə heyəti, həmçinin Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı iştirak edib.
Əvvəlcə Azərbaycan və onun zəngin mədəni irsindən bəhs edən videoçarx nümayiş olunub.
Kamilla Məmmədova açılış nitqi ilə çıxış edərək ölkəmizin zəngin musiqi mədəniyyətinin tarixi, milli ənənələri və bu irsin dünya xəzinəsinə verdiyi dəyərlər haqqında danışıb. Belə tədbirlərin mədəniyyətimizin beynəlxalq miqyasda tanıdılması və inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Komitə əməkdaşı bu kimi mədəni tədbirlərin Azərbaycan musiqisinin və mədəniyyətinin beynəlxalq səviyyədə tanıdılmasında mühüm rol oynadığını bildirib. Belə təşəbbüslərin müxtəlif xalqlar arasında dialoqu gücləndirdiyini, şərqlə qərb arasında mədəni körpülərin qurduğunu deyib.
Amerikalı musiqiçi, kamança ifaçısı, Amerika Muğam Cəmiyyətinin rəhbəri Cefri Verbok Azərbaycan muğam sənətinin zəngin ənənələri və çoxəsrlik tarixindən bəhs edib. Bu musiqi irsinin bəşəri dəyərləri əks etdirdiyini və improvizasiya xüsusiyyətləri ilə seçildiyini diqqətə çatdırıb.
Konsertdə görkəmli Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Qara Qarayev və Tofiq Quliyevin əsərləri ilə yanaşı, xalq mahnılarından nümunələr səsləndirilib. Cefri Verbok Templ Universitetinin doktorantı, skripka ifaçısı Azər Dəmirovun müşayiəti ilə “Segah” və “Qarabağ şikəstəsi” muğamlarını ifa edib. Amerikalı pianoçu Kolin Kristinin təqdim etdiyi “Qaytağı” rəqsi, eləcə də amerikalı ifaçı Sofiya Zayın səsləndirdiyi “Azərbaycan” və “Qərənfil” mahnıları dinləyicilərin marağına səbəb olub. Eyni zamanda, Azər Dəmirovun kamançada ifası və Kamilla Məmmədovanın pianoda müşayiəti ilə təqdim olunan Üzeyir Hacıbəylinin “Sevgili canan” əsəri və məşhur “Küçələrə su səpmişəm” xalq mahnısı tamaşaçıların sürəkli alqışları ilə qarşılanıb.
Sonda ifaçılara hədiyyələr verilib və xatirə şəkli çəkdirilib.
