Bakı. Trend:
“Rabitəbank” ASC-də növbəti mühüm kadr təyinatı baş tutub. 17 mart 2026-cı il tarixində Bankın dərin peşəkarlığa və zəngin idarəetmə təcrübəsinə malik rəhbər heyət üzvü Samir Rzayev İdarə Heyətinin sədrinin müavini vəzifəsinə təyin edilib. O, yeni vəzifəsi ilə yanaşı, Bankın Baş Maliyyə inzibatçısı kimi fəaliyyətini də davam etdirərək Rabitəbankın maliyyə strategiyasının icrasında aparıcı rolunu qoruyacaq.
Uzunillik bankçılıq təcrübəsinə və strateji idarəetmə bacarıqlarına malik olan Samir Rzayevin bu vəzifəyə təyin olunması Rabitəbankın davamlı inkişaf strategiyasının, maliyyə dayanıqlığının və korporativ idarəetmə sisteminin daha da gücləndirilməsinə xidmət edir.
Samir Rzayev 12 avqust 1973-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1996-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Mühasibat uçotu” fakültəsini bitirmişdir.
O, peşəkar fəaliyyətinə 1995-ci ildə maliyyə sektorunda başlamış və uzun illər ərzində mühasibatlıq, beynəlxalq bank əməliyyatları, treydinq, maliyyə idarəçiliyi və institusional inkişaf sahələrində ardıcıl şəkildə müxtəlif vəzifələrdə çalışmışdır. 1995–2017-ci illər ərzində o, həm əməliyyat, həm də idarəetmə səviyyəsində zəngin təcrübə toplayaraq maliyyə sahəsində dərin bilik və bacarıqlarını formalaşdırmış, xüsusilə biznes proseslərinin optimallaşdırılması, maliyyə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi və institusional idarəetmənin gücləndirilməsi istiqamətində mühüm nəticələr əldə etmişdir. Rəhbər vəzifələrdə çalışdığı dövrdə strateji qərarların qəbulunda aktiv rol oynayan Samir Rzayev bank sektorunda dayanıqlı inkişafın təmin edilməsi, effektiv idarəetmə modelinin qurulması və innovativ yanaşmaların tətbiqi sahəsində peşəkar idarəçi kimi özünü təsdiq etmişdir.
2017-ci ildən etibarən “Rabitəbank” ASC-də fəaliyyət göstərən Samir Rzayev hazırda Bankın Maliyyə və İnfrastruktur üzrə Baş direktoru kimi maliyyə idarəetməsi, infrastruktur layihələri və strateji təşəbbüslərin həyata keçirilməsində aktiv iştirak edir.
Bu təyinat Rabitəbankın strateji inkişaf xəttində növbəti mühüm addım olmaqla yanaşı, Bankın maliyyə idarəetməsində yüksək peşəkarlıq, güclü liderlik və dayanıqlı nəticələrə əsaslanan yanaşmasının davamlılığını təmin edəcək.
Qeyd edək ki, hal-hazırda “Rabitəbank” ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 31 xidmət məntəqəsi, 78 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması, “Rabita Business” tətbiqi, “RabitaBot” çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.