Bakı. Trend:
İsrail Səhiyyə Nazirliyi ötən 24 saat ərzində İranın hücumları nəticəsində 177 nəfərin xəstəxanalara çatdırıldığını bildirib.
Trend bu barədə İsrail KİV-ə istinadən xəbər verir.
Məlumata görə,Xəstəxanaya daxil olan zərərçəkənlərdən birinin vəziyyəti ağırdır, iki nəfərin vəziyyəti orta-ağır, 167 nəfərin vəziyyəti isə qənətbəşxdir. Bir nəfərə təşvişlə əlaqədar psixoloji yardım göstərilib.
Nazirlik xəsarətlərin təfərrüatlarını açıqlamayıb.
Bildirilib ki, fevralın 28-də İran müharibəsinin başladığı andan etibarən ümumilikdə 3924 nəfər xəstəxanalara çatdırılıb, onlardan 74-ü hələ də müalicə olunur.
Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum edib.
İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilər ölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali Lideri seçib.
İrana hərbi hava hücumları nəticəsində İran Ordusunun Baş Qərargah rəisi general-mayor Əbdülrəhim Musəvi, İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) baş komandanı Məhəmməd Pakpur, Ali Liderinin müşaviri və Müdafiə Şurasının katibi Əli Şəmxani, müdafiə naziri Əziz Nəsirzadə, kəşfiyyat naziri İsmayıl Xətib, Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani, Bəsic Təşkilatının komandiri Qulamreza Süleymani və başqaları hərbi hava hücumları zamanı ölüblər.
1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın Şərqin müxtəlif ölkələrini əhatə edib.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə çağırıb.
