Bakı.Trend:
Yaxın Şərqdə ABŞ, İsrail və İranın cəlb olunduğu silahlı münaqişənin davam etməsi qlobal hava nəqliyyatı üçün böyük fəsadlara yol açıb. Aviaşirkətlər bölgədəki eskalasiyalar fonunda kəskin bahalaşan aviasiya yanacağı xərclərini kompensasiya etmək üçün biletlərin qiymətlərini artırırlar.
Trend bu barədə “Reuters”ə istinadən xəbər verir.
“Delta Air Lines” şirkətinin rəhbəri Ed Bastian agentliyə açıqlamasında bildirib ki, təkcə mart ayı ərzində yanacaq üzrə əlavə xərclər 400 milyon dollara çata bilər. Onun sözlərinə görə, sektor artıq xərclərin bir hissəsini aviabiletlərin qiymətinin artırılması yolu ilə sərnişinlərin üzərinə ötürməyə başlayıb
Oxşar dinamikadan “American Airlines” aviaşirkəti də gileylənir. Şirkət birinci rübdə xərclərin təxminən 400 milyon dollar artacağını proqnozlaşdırır.
Avropa aviaşirkətləri vəziyyətə operativ reaksiya verməyə başlayıblar. Skandinaviya aviaşirkəti SAS bəzi reyslərin ixtisar olunduğunu elan edərək yanacağın “kəskin və qəfil” bahalaşdığını qeyd edib. Şirkət vurğulayıb ki, Avropanın bütün aviasiya sistemi ciddi təzyiq altındadır.
Hərbi münaqişə qlobal aviasiyanın fəaliyyətini əhəmiyyətli dərəcədə pozub. Yaxın Şərqdə ballistik raket və PUA hücumları təhlükəsi səbəbindən hava məkanının böyük hissəsinin bağlanması reyslərin kütləvi ləğvinə, gecikmələrə və marşrutların dəyişdirilməsinə gətirib çıxarıb.
Bundan da önəmlisi odur ki, İrana zərbələrin başlanmasından sonra Avropada aviasiya yanacağının qiyməti iki dəfə, Asiyada isə demək olar ki, 80 faiz artıb. Yanacaq əmək haqqından sonra aviaşirkətlərin büdcəsində ikinci ən əsas xərclər olaraq qalır və əməliyyat xərclərinin dörddə birinə qədərini təşkil edir.
Bu fonda bəzi ölkələr artıq aviadaşımaların azalması riskləri ilə bağlı xəbərdarlıq edirlər. Belə ki, Çin və Tayland tərəfindən yanacaq ixracının dayandırılmasından sonra Vyetnam hakimiyyəti apreldən etibarən reyslərin sayının azaldıla biləcəyini istisna etməyib. Birləşmiş Ərəb Əmirliklərində hücum təhlükəsi səbəbindən hava məkanı müvəqqəti bağlanıb, pilotsuz aparatlarla bağlı insidentlər isə artıq Dubay hava limanının fəaliyyətinə təsir göstərib.
