...

Mexiko şəhərində Novruz bayramına həsr edilmiş təntənəli konsert təşkil edilib (FOTO)

Cəmiyyət Materials 19 Mart 2026 19:40 (UTC +04:00)
Mexiko şəhərində Novruz bayramına həsr edilmiş təntənəli konsert təşkil edilib (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan, Türkiyə və Qazaxıstanın Meksikadakı səfirlikləri, o cümlədən Mexiko şəhərində yerləşən Yunus Əmrə İnstitutu Türkiyə Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı və Bakıda yerləşən Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə Mexiko şəhərində yazın gəlişini, təbiətin oyanışını və yeni ilin başlanğıcını simvolizə edən Novruz bayramı münasibətilə təntənəli konsert proqramı təşkil olunub.

Trend xəbər verir ki, tədbirdə Meksika Deputatlar Palatasının və Senatının üzvləri, xarici işlər və mədəniyyət nazirliklərinin müxtəlif idarələrinin vəzifəli şəxsləri, Meksikada akkreditə olunmuş səfirlər və diplomatik korpusun digər təmsilçiləri, habelə yerli mətbuat nümayəndələri iştirak ediblər.

Yerli ictimaiyyətə açıq keçirilən konsertdə Meksikada yaşayan həmyerlimiz Nana Babayevanın rəhbərlik etdiyi ansambl, həmçinin Türk Dünyası Rəqs və Musiqi Ansamblı tərəfindən Azərbaycan, Türkiyə, Qazaxıstan və Meksika bəstəkarlarının repertuarından tanınmış musiqi parçaları ifa olunub.

Konsert proqramının açılışında çıxış edən Azərbaycanın Meksikadakı səfiri Seymur Fətəliyev konsertin Azərbaycan, qardaş Türkiyə və Qazaxıstanın Meksikadakı səfirlikləri tərəfindən birgə təşkil olunmasının xüsusi məna daşıdığını, belə bir birgə təşəbbüsün paylaşma, həmrəylik və ortaq mədəni yaddaş olan Novruzun ruhuna uyğun olduğunu bildirib. Novruz bayramının türk dünyasını bir araya gətirən ən güclü mədəni dəyərlərdən biri olduğu vurğulanıb. Çıxışında eyni zamanda Novruzun böyük birləşdirici gücünün beynəlxalq səviyyədə də tanınmasından söz açan səfir 2010-cu ildə BMT Baş Assambleyası tərəfindən 21 mart Beynəlxalq Novruz Günü elan edildiyini, Azərbaycanın da bu təşəbbüsü irəli sürən və dəstəkləyən ölkələr sırasında yer aldığını diqqətə çatdırıb. Bu qərarın Novruzun həm də bəşəri dəyərləri təcəssüm etdirən beynəlxalq mədəni hadisə kimi qəbul edildiyinin göstəricisi olduğunu bildirib. Həmçinin, Novruzun 2009-cu ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edildiyi, ilk çoxmillətli nominasiya kimi müxtəlif ölkələri birləşdirdiyi izləyicilərin diqqətinə çatdırılıb.

Türkiyənin Meksikadakı səfiri Murat Səlim Əsənli, Qazaxıstan Səfirliyinin müşaviri Yerlan Kubaşev də öz çıxışlarında Novruz bayramının türk dünyasını birləşdirən dəyərlərdən biri olduğunu qeyd edib, bu tədbirin Meksikada birgə təşkilinin əhəmiyyətini vurğulayıblar.

Həmçinin açılışda Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova və Yunus Əmrə İnstitutu Türkiyə Mədəniyyət Mərkəzinin rəhbəri Əbdürrəhman Əlinin Novruz münasibətilə tədbir iştirakçılarına video müraciətləri səsləndirilib. Müraciətlərdə Novruzun Azərbaycan, Türkiyə, Qazaxıstan kimi türk xalqları başda olmaqla geniş coğrafiyada qeyd olunan, ortaq mədəni dəyərləri və tarixi bağları əks etdirən əlamətdar bayram olduğu vurğulanıb.

Anşlaqla keçən konsert proqramı izləyicilər tərəfindən böyük maraqla qarşılanıb. Tədbir iştirakçılarına türk dünyası mədəniyyətini əks etdirən video-çarxlar, habelə Azərbaycan və Türkiyə mətbəxinin təamları təqdim olunub.

Tədbirin informasiya dəstəyi “Trend” İnformasiya Agentliyi tərəfindən göstərilib.

Xəbər lenti

Xəbər lenti