...

Dövlət qulluğunda əməkhaqqı sistemində yeni model tətbiq ediləcək, maaşlar artırılacaq – Şərh

Gündəm Materials 19 Mart 2026 15:01 (UTC +04:00)
Dövlət qulluğunda əməkhaqqı sistemində yeni model tətbiq ediləcək, maaşlar artırılacaq – Şərh
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda dövlət qulluğu sistemində yeni əməkhaqqı modelinin tətbiqi hazırda dövlət orqanlarında idarəetmə sisteminin təkmilləşdirilməsi sahəsində həyata keçirilən islahatların tərkib hissəsidir.

Bunu Trend-ə açıqlamasında “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın İcraiyyə Komitəsinin (İK) sədri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında İctimai şuranın üzvü Sahib Məmmədov deyib.

S.Məmmədov xatırladıb ki, indiyədək qüvvədə olan “Dövlət qulluğu haqqında” Qanuna görə, dövlət qulluqçularının əməkhaqqı fondunun tərkibi bir neçə hissədən ibarət idi:

“Dövlət qulluqçularının maaşının tərkibi əməkhaqqından, əlavələrdən və mükafatlardan ibarət idi. Əlavələr özü də bir neçə yerə bölünür. Staja görə əlavə almaq üçün gərək qulluqçunun müəyyən müddət təcrübəsi ola. Dövlət səlahiyyətlərini yerinə yetirməyə görə əlavələr də hamıya aid deyildi”.

İK-nın sədri vurğulayıb ki, artıq yeni qanunla bütün bunlar ləğv edilir:

“Onun əvəzinə vahid, sabit əməkhaqqı sisteminə keçilir. Əlavələr müəyyən şəkildə əməkhaqqının tərkibinə daxil edilir, əməkhaqqı artırılır. Bununla da vahid, sabit əməkhaqqı ödənişi həyata keçiriləcək”.

İctimai şuranın üzvü əlavə edib ki, bunun müxtəlif müsbət tərəfləri var. Bu metod beynəlxalq praktikada, bir çox dövlətlərdə tətbiq olunur:

“Eyni zamanda yeni işə qəbul olan dövlət qulluqçularını stimullaşdırır. Çünki onların maaşında artım baş verəcək. Onlar dövlət qulluğuna qəbul zamanı prosedurları keçərkən əvvəlcədən biləcəklər ki, artıq əməkhaqqı nə qədərdir.

Burada həmçinin korrupsiya ilə mübarizə məsələləri də öz əksini tapır. Əməkhaqqının artırılması korrupsiya ilə mübarizəni gücləndirən amildir. Bəzən əməkhaqqının aşağı olması dövlət qulluqçusunu hansısa sui-istifadə hallarına meyilləndirir. Qlobal tədqiqatlar göstərir ki, korrupsiya ilə mübarizədə bu əlverişli, faydalı üsuldur.

Dövlət orqanlarında əməkhaqqı fondunun proqnozlaşdırılması asanlaşacaq. Əvvəlcədən bilmək mümkün olacaq ki, dövlət qulluğunda çalışanların əməkhaqqı fondu nə qədər təşkil edəcək. Bu da həm büdcə proqnozlaşdırılmasında, həm də onun tərkibi hissəsi olan əməkhaqqı fondunun müəyyənləşdirilməsində daha çevik alət kimi çıxış edəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti