...

Dubayda mülklər ucuzlaşır — ekspertlər azərbaycanlılara nə tövsiyə edir?

İqtisadiyyat Materials 19 Mart 2026 12:04 (UTC +04:00)
Dubayda mülklər ucuzlaşır — ekspertlər azərbaycanlılara nə tövsiyə edir?
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Mövcud geosiyasi gərginliklər, xüsusilə Yaxın Şərq regionunda baş verən hadisələr, qısa müddətdə investor davranışlarına və daşınmaz əmlak bazarına psixoloji təsir göstərir. İrandan Dubaya yönələn dron hücumları kimi xəbərlər təbii olaraq orada yaşayan və ya əmlakı olan şəxslərdə müəyyən narahatlıq yaradır. Bəzi məlumatlara görə, münaqişə səbəbindən Dubaydakı mülklər 30 faiz ucuzlaşıb.

Baş verən hadisələr Azərbaycanlıların Dubaydakı mülklərini satmasına səbəb olacaqmı? Həmçinin Yaxın Şərqdə baş verənlər Azərbaycanda əmlak bazarına necə təsir göstərəcək?

Məsələ ilə bağlı Trend-ə açıqlama verən əmlak eksperti Şahin İbadoğlu qeyd edib ki, adətən belə hallar adətən daşınmaz əmlakın kütləvi satışına və ya bazardan çıxarılmasına gətirib çıxarmır. Daha çox qısa müddətli gözləmə mövqeyi və risklərin yenidən qiymətləndirilməsi müşahidə edilir.

“Azərbaycanlıların Dubayda əmlaklarını sataraq ölkəyə kütləvi qayıdışı hazırkı mərhələdə real görünmür. Dubay bazarı uzun illərdir sabit investisiya mühiti, yüksək likvidlik və hüquqi təminat baxımından cəlbedici olaraq qalır. Ayrı-ayrı fərdi qərarlar istisna olmaqla, ümumi trendin dəyişməsi üçün daha uzunmüddətli və sistemli risk faktorları tələb olunur.

Ümumilikdə siyasi proseslər daşınmaz əmlak qiymətlərinə iki istiqamətdə təsir edir. Birincisi, riskli regionlarda qiymətlərdə müəyyən sabitləşmə və ya azalma baş verə bilər. İkincisi isə daha stabil və təhlükəsiz hesab olunan ölkələrdə, o cümlədən Azərbaycanda, əmlaka maraq arta bilər ki, bu da qiymətlərin müəyyən qədər yüksəlməsinə səbəb olur. Yəni kapital adətən riskdən qaçaraq daha təhlükəsiz bazarlara yönəlir”.

Ekspertin fikrincə, Azərbaycana son illərdə xüsusilə region ölkələrindən, Türkiyədən, Rusiya və Yaxın Şərq ölkələrindən investisiya marağının artdığını müşahidə edirik. Bakı şəhəri bu baxımdan əsas cəlbedici mərkəz olaraq qalır:

“Qiymətlərin hələ də bir sıra beynəlxalq bazarlarla müqayisədə münasib olması, coğrafi mövqe və iqtisadi sabitlik bu marağı dəstəkləyən əsas amillərdəndir.

Nəticə etibarilə, mövcud gərginliklər qısamüddətli dalğalanmalar yaratsa da, daşınmaz əmlak bazarında kəskin və kütləvi dəyişikliklər üçün hələlik əsaslı zəmin formalaşmayıb”.

Əmlak eksperti Elnur Azadov Trend-ə açıqlamasında deyib ki, Azərbaycanda əmlak qiymətlərinin artması ilə bağlı proqnoz vermir: “Bunun birinci səbəbi odur ki, İran ərazisinə istər İsrailin, istərsə də Amerikanın quru qoşunlarının yeridilməsi gözlənilmir. Deyərdim ki, bu baş verməyəcək, çünki bu, ciddi şəkildə digər hərbi qüvvələrin də prosesə cəlb olunmasına səbəb ola bilər.

Hazırkı vəziyyətdə də görürük ki, proseslər yeni başlayır və güclü şəkildə yerləşən quru qoşunlarına qarşı hər hansı bir təzyiq müşahidə olunmur. Təzyiqlər əsasən havadan hücum qüvvələrinə yönəlib”.

Ekspert hesab edir ki, ölkəyə quru qoşunlarının yeridilməsi baş tutmayacağı təqdirdə, vətəndaşlar üçün ciddi risklər də yaranmayacaq.

“Eyni zamanda, hazırkı vəziyyətdə İran vətəndaşlarının ölkəni kütləvi şəkildə tərk etməsi ilə bağlı geniş bir tendensiya yoxdur.

Bu səbəbdən Azərbaycanda daşınmaz əmlak qiymətlərinin artımı ilə bağlı da proqnoz vermirəm”,-deyə E.Azadov əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti