Bakı. Trend:
ABŞ-nin müdafiə sənayesi nəhəngi “Lockheed Martin” Estoniyada “HIMARS” mobil raket sistemləri üçün texniki xidmət mərkəzi inşa edəcək.
Trend ERR-ə istinadən xəbər verir ki, bu barədə razılaşma Vaşinqtonda Estoniyanın müdafiə naziri Hanno Pevkur ilə şirkətin vitse-prezidenti Paula C. Hartli arasında keçirilən görüş zamanı əldə olunub.
Estoniya Müdafiə Nazirliyinin məlumatına görə, yaradılacaq kompleks Baltikyanı ölkələr üçün “HIMARS” sistemlərinə xidmət göstərərək regionun mühüm infrastruktur obyektlərindən birinə çevriləcək.
Layihənin təxminən iki il ərzində həyata keçiriləcəyi gözlənilir. İlkin investisiyaların həcmi isə təxminən 10 milyon avro olaraq qiymətləndirilir.
Görüş çərçivəsində tərəflər, həmçinin gələcəkdə “Lockheed Martin” şirkətinin Estoniyadakı fəaliyyətinin genişləndirilməsi imkanlarını da müzakirə ediblər.
Qeyd edək ki, şirkət “HIMARS” sistemləri ilə yanaşı, beşinci nəsil “F-35” qırıcıları, “Patriot” hava hücumundan müdafiə sistemləri və “Black Hawk” helikopterlərinin istehsalı ilə tanınır.
