...

İran İsrailin Hayfa və Rişon-Le-Sion neftayırma zavodlarını atəşə tutub

Dünya xəbərləri Materials 19 Mart 2026 15:00 (UTC +04:00)
İran İsrailin Hayfa və Rişon-Le-Sion neftayırma zavodlarını atəşə tutub
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) İsrailin Hayfa və Rişon-Le-Sion neftayırma zavodları, yanacaqdaşıma vasitələri, hərbi dəstək mərkəzləri və digər məkanlarını raketlərlə atəşə tutub.

Trend-in məlumatına görə, bu barədə İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) məlumat yayıb.

Məlumata görə, “Doğru Vəd 4” əməliyyatının 64-cü mərhələsində 9 ədəd çoxbaşlıqlı “Xorrəmşəhr” raketlərindən, həmçinin “Qədr”, “Emad” və “Xeybərşekən” raketlərindən istifadə olunub.

SEPAH bildirir ki, ABŞ-nin Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanması orta mənzilli maye və bərk yanacaqlı raketlərlə atəşə tutulub.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum edib.

İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilər ölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali Lideri seçib.

İrana hərbi hava hücumları nəticəsində İran Ordusunun Baş Qərargah rəisi general-mayor Əbdülrəhim Musəvi, İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) baş komandanı Məhəmməd Pakpur, Ali Liderinin müşaviri və Müdafiə Şurasının katibi Əli Şəmxani, müdafiə naziri Əziz Nəsirzadə, kəşfiyyat naziri İsmayıl Xətib, Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani, Bəsic Təşkilatının komandiri Qulamreza Süleymani və başqaları hərbi hava hücumları zamanı ölüblər.

1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın Şərqin müxtəlif ölkələrini əhatə edib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti