Bakı. Trend:
Şri-Lankada avtomobillərin nömrə nişanlarına əsasən benzin satışı sisteminə keçilib.
Trend xəbər verir ki, yeni qaydalara görə, cüt nömrəli avtomobillər yalnız cüt günlərdə, tək nömrəli avtomobillər isə tək günlərdə yanacaq ala biləcəklər.
Bu tədbirin Yaxın Şərqdəki vəziyyətlə əlaqədar yaranmış enerji böhranı fonunda növbələri azaltmaq və yanacaq paylanmasını daha səmərəli təşkil etmək məqsədilə tətbiq olunduğu bildirilir.
Seylon Neft Korporasiyasının (CPC) məlumatına görə, ölkədə yanacaqdoldurma məntəqələrinin əksəriyyəti fəaliyyətini dayandırıb, yalnız az sayda məntəqə açıq qalıb. Sürücülər yanacağın mövcudluğu barədə SMS vasitəsilə məlumatlandırılır, icarəyə götürülmüş nəqliyyat vasitələri üçün isə QR kod sistemi tətbiq olunur. Polis isə yanacaqdoldurma məntəqələrində nəzarəti gücləndirib.
Bundan əlavə, ölkədə yanacaq istifadəsinə məhdudiyyətlər də qoyulub. Belə ki, ictimai nəqliyyat həftə ərzində maksimum 200 litr, fərdi sürücülər isə 15 litrdən artıq yanacaq ala bilməzlər.
