Bakı. Trend:
Musiqi məktəblərinin mövcudluğuna və fəaliyyətinə hansı kontekstdən yanaşdığımız vacibdir. Bu müəssisələri peşəkar mütəxəssislərin hazırlanması prosesinin bir hissəsi kimi görürüksə, bu, tamamilə fərqli yanaşma tələb edir. Məqsəd Azərbaycan vətəndaşlarının musiqi zövqünün formalaşdırılmasıdırsa, bu zaman yanaşma yenə fərqli olmalıdır.
Trend xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Elçin Mirzəbəyli komitədə keçirilən “İncəsənət məktəblərinin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda ictimai dinləmədə deyib.
Millət vəkili bildirib ki, musiqi zövqünün formalaşdırılması kompleks bir prosesdir və bu artıq orta məktəblərdə də sistemli şəkildə həyata keçirilməlidir:
“Orta məktəblərdə musiqi və rəsm dərsləri formal çərçivədən çıxarılmalı, daha geniş və məzmunlu şəkildə tədris olunmalıdır. Bu, şagirdlərin ümumi dünyagörüşünün və mədəni zövqünün formalaşmasında mühüm rol oynayır. Çünki musiqi zövqünün olmadığı və ya zəiflədiyi hallarda cəmiyyətdə baş verən proseslərin təsirini açıq şəkildə müşahidə edirik. Bu baxımdan gələcəkdə məktəblərdə musiqi otaqlarının, ümumilikdə isə mədəniyyət və incəsənət otaqlarının yaradılması məqsədəuyğun olardı. Bu məkanlarda yalnız musiqi və rəsm deyil, incəsənətin digər sahələri ilə bağlı dərslərin də tədrisi həyata keçirilə bilər. Eyni zamanda, Azərbaycan tarixinin tərkib hissəsi kimi mədəniyyət tarixinin orta məktəblərdə tədrisi də milli identikliyin qorunması baxımından vacib amillərdən biridir”.
Deputat vurğulayıb ki, o, sertifikatlaşma və attestasiya prosesində iştirak edib və bu prosesdə şəffaflığın necə təmin olunduğunun şahidi olub:
“Bu yanaşma tamamilə doğrudur. Çünki ikili yanaşma var. Biz nəticə etibarilə nə istəyirik? Gələcəyimizə sosial yanaşma tərzi ortaya qoyuruq, gələcəyimizin işıqlı olmasını istəyirik. Əgər attestasiya, sertifikatlaşdırma prosesinə insanların sosial problemlərinin həlli kontekstində yanaşsaq, o zaman gələcəyimizi şikəst edərik. Bu kimi məsələlərdə qətiyyən güzəştə yol vermək olmaz”.
E.Mirzəbəyli sonra mədəniyyət naziri və bütövlükdə nazirliyə teatrların idarəetmə sistemində həyata keçirilən tənzimləmələrə görə təşəkkürünü bildirib:
“Çünki xırda avtoritetlərin hökm sürdüyü mühitdə heç vaxt yaradıcı atmosfer formalaşmır. Atmosferi təmizləmək, pəncərələri açmaq lazımdır. İslahatlar elə “pəncərələrin açılması”, “havanın dəyişməsi”ndən başlayır”.
Mədəniyyət naziri Adil Kərimli Elçin Mirzəbəylinin çıxışına cavab olaraq bildirib ki, mədəniyyət, xüsusilə incəsənət sahəsində təhsilin konseptual yanaşması aydın şəkildə müəyyənləşdirilməlidir:
“Hazırda sistemimizdə fəaliyyət göstərən musiqi, incəsənət və aşıq məktəbləri vahid şəkildə birləşdirilərək “incəsənət məktəbləri” adı altında təqdim olunur. Bu səbəbdən, mən də bu ümumi termini istifadə edərək bütün bu istiqamətləri nəzərdə tuturam. Burada əsas yanaşma ondan ibarətdir ki, bu təhsil müəssisələrinə peşəkar sahə üçün ilkin hazırlıq mərhələsi kimi baxılır. Eyni zamanda, dərnək formatında vətəndaşların musiqi və estetik zövqünün formalaşdırılması, onların bu sahədə ümumi və universal biliklərinin inkişaf etdirilməsi istiqamətində ayrıca kurikulumlar da müəyyən edilir. Bu proses çərçivəsində Elm və Təhsil Nazirliyi ilə birgə əməkdaşlıq edilərək orta məktəblərdə incəsənət fənlərinin tədrisinə də xüsusi önəm verilməsi nəzərdə tutulur”.
