Bakı.Trend:
Fevralın 28-də ABŞ və İsrail tərəfindən İrana qarşı hərbi əməliyyatlar başlayıb. Bununla yanaşı, İranın Səudiyyə Ərəbistanı və Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrə, eləcə də Azərbaycan və İordaniyaya qarşı hücumlar həyata keçirdiyi iddia olunur.
Trend xəbər verir ki, bunu bu gün Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri İssam bin Saleh Əlcüteyli jurnalistlərə açıqlamasında deyib.
Diplomatın sözlərinə görə, bu hücumlar dron vasitəsilə həyata keçirilib və əsasən mülki obyektlər, yaşayış məntəqələri, neft infrastrukturu, hava limanları və diplomatik nümayəndəliklərin yerləşdiyi ərazilər hədəf alınıb. Bildirilib ki, hücumların qarşısı Səudiyyə Ərəbistanı, Körfəz ölkələri və İordaniyanın təhlükəsizlik qüvvələri tərəfindən alınıb.
“İranın bu addımları beynəlxalq hüquq normalarına və xoş
qonşuluq prinsiplərinə ziddir. Məsələ ilə bağlı BMT Təhlükəsizlik
Şurası tərəfindən müvafiq qətnamə qəbul olunaraq bu cür hərəkətlər
pislənib.
Səudiyyə Ərəbistanı hazırda digər tərəfdaş ölkələrlə, o cümlədən
Azərbaycanla bu məsələ üzrə koordinasiyalı fəaliyyət göstərir. Bu
gün Riyadda keçiriləcək fövqəladə iclasda isə mövcud vəziyyətin
müzakirəsi və gərginliyin aradan qaldırılması yolları ətrafında
fikir mübadiləsi aparılacaq”.
Səfir əlavə edib ki, iclasda Azərbaycan və digər ölkələrə qarşı hücumların qarşısının alınması, eləcə də bu cür halların təkrar olunmaması ilə bağlı çağırışlar səsləndiriləcək.
