...

İran kəşfiyyat və təhlükəsizlik nazirinin öldüyünü təsdiqləyib

Dünya xəbərləri Materials 18 Mart 2026 16:41 (UTC +04:00)
İran kəşfiyyat və təhlükəsizlik nazirinin öldüyünü təsdiqləyib
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

İran kəşfiyyat və təhlükəsizlik naziri İsmayıl Xətibin öldüyünü təsdiqləyib.

Bu barədə Trend İran KİV-ə istinadən məlumat verib.

Qeyd edək ki, bundan öncə İsrail Müdafiə Qüvvələri (IDF) ötən gecə Tehrana endirilən aviazərbələrdən birində İranın Kəşfiyyat və Təhlükəsizlik Naziri İsmayıl Xətibin həlak olduğunu təsdiqləyib.

IDF-in rəsmi “X” səhifəsində dərc olunan məlumatda bildirilir:

“Xətib son dövrlərdə İran üzrə baş vermiş etirazlar zamanı mühüm rol oynayıb; o, etirazçıların həbs edilməsi və öldürülməsi, həmçinin dünya üzrə israillilərə və amerikalılara qarşı terror fəaliyyətlərinin həyata keçirilməsinə rəhbərlik edib. Eyni zamanda, o, 2022–2023-cü illərdə baş vermiş Mahsa Əmini etirazları zamanı İran vətəndaşlarına qarşı əməliyyatlar aparıb.

İranın Kəşfiyyat Nazirliyi qabaqcıl kəşfiyyat imkanlarına malikdir; bu qurum nəzarət, casusluq və dünya miqyasında xüsusilə israilli və İran vətəndaşlarına qarşı gizli əməliyyatların icrasına rəhbərlik edir”, -məlumatda qeyd olunur.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum edib.

İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilər ölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali Lideri seçib.

1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın Şərqin müxtəlif ölkələrini əhatə edib.

ABŞ tərəfinin itkisinin 13 ölü, 140-dan çox yaralı olduğu bildirilib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti