...

Səudiyyə Ərəbistanının humanitar yardımı Azərbaycana təhvil verilib (FOTO)

Cəmiyyət Materials 18 Mart 2026 15:06 (UTC +04:00)
Səudiyyə Ərəbistanının humanitar yardımı Azərbaycana təhvil verilib (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Səudiyyə Ərəbistanı Krallığı tərəfindən Azərbaycan üçün nəzərdə tutulan 25 ton humanitar yardımın 20 tonu bu gün Sosial Xidmətlər Agentliyinə təhvil verilib.

Trend xəbər verir ki, bunu bu gün Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri İssam bin Saleh Əlcüteyli jurnalistlərə açıqlamasında deyib.

Səfir qeyd edib ki, yardımın bir hissəsi Qafqaz Müsəlmanları İdarəsinə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə də təqdim olunub. Onun sözlərinə görə, əsas məqsəd bu yardımların Azərbaycan cəmiyyətinin müxtəlif təbəqələrinə, xüsusilə ehtiyacı olan insanlara çatdırılmasıdır.

“Bu təşəbbüs Səudiyyə Ərəbistanı tərəfindən digər müsəlman ölkələrində də həyata keçirilir və Krallığın qardaş ölkələrə ünvanladığı həmrəylik mesajı kimi qiymətləndirilir”.

Səfir, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bazasının mövcudluğunu nəzərə alaraq, yardımların məhz bu qurum vasitəsilə paylanmasına üstünlük verildiyini deyib.

O bildirib ki, bu, humanitar dəstəyin ehtiyacı olan şəxslərə daha operativ çatdırılmasına imkan verəcək.

Eyni zamanda səfir müqəddəs Ramazan bayramı ərəfəsində Səudiyyə Ərəbistanı rəhbərliyinin Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan hökumətinə və xalqına təbriklərini çatdırıb. O, həmçinin prosedurun asanlaşdırılmasına görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təşəkkür edib.

Səfir çıxışında iki müqəddəs ocağın xadiminə və Səudiyyə Ərəbistanının vəliəhdinə də minnətdarlığını ifadə edərək, Azərbaycandakı dost və qardaş xalqa belə bir yardımın göndərilməsini yüksək qiymətləndirdiyini bildirib.

Xəbər lenti

Xəbər lenti