...

Xaçmazda Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirilib (FOTO)

Cəmiyyət Materials 18 Mart 2026 19:14 (UTC +04:00)
Xaçmazda Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirilib (FOTO)

Bakı. Trend:

Xaçmaz rayonunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində baharın gəlişinin carçısı olan Novruz bayramı münasibətilə şənlik təşkil olunub.

Tədbir Xaçmaz şəhərindəki Şəxsiyyətlər Parkında keçirilib.

Park ərazisi bayram ab-havasına bürünərək milli ornamentlər və Novruz atributları ilə bəzədilib. Tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Milli Məclisin deputatı Ağalar Vəliyev, Yeni Azərbaycan Partiyası Xaçmaz Rayon Təşkilatının sədri Məhəmməd Balaqadaşov, hüquq-mühafizə orqanlarının rəhbərləri, müxtəlif idarə, müəssisə və təşkilatların kollektivləri, şəhid ailələri, qazilər və rayon sakinləri iştirak ediblər.

Şənlikdə qonaqları Bahar qızı və Dədə Qorqud qarşılayıb. Ardınca ənənəvi bayram tonqalı alovlandırılıb. Milli geyimli qızlar və oğlanlar tonqal ətrafında dövrə vuraraq yallı gediblər. Tədbirdə milli adət-ənənələrimiz geniş təbliğ olunub, bayram xonçaları nümayiş etdirilib. Kosa və Keçəl personajları iştirakçılarla yumurta döyüşdürüb, uşaqlara bayram əhval-ruhiyyəsi bəxş ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev sakinləri bayram münasibətilə təbrik edib, xalqımıza sülh, əmin-amanlıq və rifah arzulayıb.

El şənliyində bahar mövzusunda rəsm əsərləri, xalq sənətkarlığı nümunələri, “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş stendlər nümayiş etdirilib. İctimaiyyət nümayəndələri rayonda istehsal olunan məhsulların sərgisi ilə tanış olub, bayram süfrələrində milli mətbəximizin ləziz təamlarından dadıblar.

Parkda idmançıların və pəhləvanların nümunəvi çıxışları maraqla qarşılanıb. Yerli mədəniyyət işçiləri tərəfindən hazırlanan geniş konsert proqramında xalq mahnıları, rəqslər və folklor nümunələri səsləndirilib.

Tədbirdə əsl bayram ab-havası yaşanıb, xaçmazlılar yüksək əhval-ruhiyyə ilə Novruzun gəlişini qeyd ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti