Bakı. Trend:
Son illərdə ölkəmizdə standartlaşdırma sahəsində həyata keçirilən təşəbbüslər dövlət standartlarının beynəlxalq standartlara uyğunlaşdırılmasını şərtləndirir.
Trend xəbər verir ki, bunu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov bu gün Bakıda keçirilən “AZS ISO 20121:2026 Tədbir davamlılığının idarəetmə sistemləri" üzrə dövlət standartının təqdimatında deyib.
O bildirib ki, standartlaşdırma yüksək səviyyədə inkişaf etmiş iqtisadiyyatın mühüm tərkib hissəsidir:
"Müasir tələblərə cavab verən malların və xidmətlərin istehsalı, onların keyfiyyətinin təmin edilməsi, rəqabətədavamlılığının artırılması, habelə dünya bazarına çıxışının təmini üçün keyfiyyət infrastrukturunun əsasını təşkil edən standartlaşdırma sisteminin təkmilləşdirilməsi dövlətin və iqtisadiyyatın inkişafında xüsusi rol oynayır.
Son illərdə ölkəmizdə standartlaşdırma sahəsində həyata keçirilən təşəbbüslər dövlət standartlarının beynəlxalq standartlara uyğunlaşdırılmasını şərtləndirir. Belə ki, dünya iqtisadiyyatının qloballaşması ilə ölkələr arasında ticarət daha da intensivləşir ki, bu da məhsul və xidmətlərin müxtəlif bazarlarda qəbul edilməsini və bir-biri ilə uyğunluğunu təmin etmək məqsədilə beynəlxalq standartların qəbulunu zəruri edir".
E. Bağırov qeyd edib ki, beynəlxalq standartlar əsasında milli standartların qəbulu malların təhlükəsizliyi və keyfiyyətinin təmin olunmasına, insan sağlamlığının qorunmasına və ətraf mühitin mühafizəsinə xidmət etməklə yanaşı, onların rəqabət qabiliyyətinin və ixrac potensialının artırılmasına da mühüm töhfə verir:
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023–2025-ci illər üçün Dövlət Proqramı” təsdiq olunub. Bu proqram çərçivəsində texniki tənzimləmə sisteminin formalaşdırılması, istehlakçı hüquqlarının daha etibarlı qorunması və ticarətdə texniki maneələrin aradan qaldırılması istiqamətində mühüm addımlar atılıb. Həmçinin iqtisadiyyatın bütün sferalarında müasir texnologiyaların və həllərin tətbiqinə nail olan, təhlükəsiz və keyfiyyətli, rəqabətqabiliyyətli mal və xidmətlərin istehsalını təmin edən yeni standartların işlənib hazırlanması məqsədilə “2026-2028-ci illər üçün milli standartlaşdırma proqramı” təsdiq edilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən və ölkənin milli standartlaşdırma qurumu olan Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən “Tədbir davamlılığının idarəetmə sistemləri - Tələblər və istifadə üçün təlimat” dövlət standartının qəbul edilməsi mühüm addımdır. Bu standart ölkəmizdə tədbirlərin planlaşdırılması, təşkili və idarə olunması proseslərində davamlılıq prinsiplərinin sistemli şəkildə tətbiqinə xidmət etməklə yanaşı, təşkilatlara tədbirlərin bütün mərhələlərində, yəni planlaşdırmadan icraya və nəticələrin qiymətləndirilməsinədək davamlı idarəetmə yanaşmasını tətbiq etməyə imkan yaradır. Xüsusilə vurğulamaq istərdim ki, sözügedən standart ISO beynəlxalq standartı əsasında hazırlanmış və WUF13 Azərbaycan Əməliyyat Şirkəti ilə birgə əməkdaşlıq nəticəsində qəbul edilib. Əminəm ki, BMT-nin Davamlı İnkişaf Məqsədləri, eləcə də BMT-nin Məskunlaşma Proqramının yanaşmaları ilə tam uyğunluq təşkil edən bu standartın tətbiqi, ölkəmizdə tədbir sənayesinin daha müasir, məsuliyyətli və davamlı əsaslarla inkişafına mühüm töhfə verəcək".
