Bakı. Trend:
Bu ilin yanvar-fevral aylarında Azərbaycandan Rumıniyaya 140,7 milyon ABŞ dolları dəyərində 286,3 min ton bitumlu süxurlardan əldə edilmiş xam neft və neft məhsulları ixrac olunub.
Trend bu barədə Dövlət Gömrük Komitəsinə istinadən məlumat verir.
Məlumata görə, 2025-ci ilin eyni dövrü ilə müqayisədə bu göstərici pul ifadəsində 23,3 milyon dollar (14,2 faiz) azalıb, həcm baxımından isə 200 tondan çox azalma qeydə (0,1 faiz ) alınıb.
Ötən ilin yanvar-fevral aylarında Azərbaycandan Rumıniyaya təqribən 164 milyon dollar dəyərində 286,5 min ton bitumlu süxurlardan əldə edilmiş neft və nefti məhsulları ixrac olunmuşdu
Bu müddət ərzində Rumıniya Azərbaycandan ən çox neft idxal etmiş ölkələrin sırasında ikinci yerdə qərarlaşıb.
Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrlə ticarət əməliyyatlarını 6,264 milyard ABŞ dolları məbləğində həyata keçirib. Bu göstərici keçən ilin eyni dövrü ilə müqayisədə 2,64 milyard dollar və ya 29,6% azdır.
Xarici ticarətin ümumi həcmindən 3,665 milyard dolları ixrac, 2,599 milyard dolları isə idxal təşkil edib. Son bir il ərzində ixrac 1,102 milyard dollar və ya 23% azalıb, idxal isə 1,539 milyard dollar və ya 37,2% azalıb.
Nəticədə, xarici ticarət 933,6 milyon dollar müsbət saldo ilə yekunlaşıb ki, bu da ötən illə müqayisədə 52,4 milyon dollar və ya 5,3% azdır.
