Bakı.Trend:
“Müşviqabad kollektoru” layihəsi üzrə kollektor və təmizləyici qurğunun tikintisi davam edir.
Trend xəbər verir ki, bu fikirləri bu gün Müşfiqabad hövzəsi üzrə görülən işlər barədə açıqlama verərkən Tikilməkdə Olan Obyektlərin Müdriyyəti" publik hüquqi şəxsin (TOOM) Bakı və Abşeron üzrə tikinti sektorunun müdiri İman Rzayev deyib.
Onun sözlərinə görə, hazırda icrası davam edən layihə Müşviqabad kollektor xətti və su təmizləyici qurğunu əhatə edir:
“Ümumi uzunluğu 17,3 kilometr olan kollektor xətti bir neçə qəsəbəni və Xırdalan şəhərini əhatə edəcək. Layihə çərçivəsində su təmizləyici qurğunun tikintisi də nəzərdə tutulub. Qurğunun ilkin mərhələdə 75 min kub həcmində olması planlaşdırılır, əlavə gücün isə növbəti mərhələdə artırılması nəzərdə tutulur”.
İman Rzayev qeyd edib ki, hazırda kollektor üzrə yeddi şaxtada iş aparılır. Onlardan dördündə tikinti işləri artıq tamamlanıb, üçündə isə işlər davam edir. Qazıntı işlərinə başlanılıb və texnika şaxtalardan birinə yerləşdirilib.
“Layihənin icra müddətinin üç il ərzində başa çatdırılması planlaşdırılır. Bununla yanaşı, işlərin daha qısa müddətdə yekunlaşdırılması hədəflənir. Maliyyə məsələlərinə gəlincə, su təmizləyici qurğunun dəyəri 102 milyon manat, kollektor xəttinin dəyəri isə 135 milyon manat təşkil edir. Layihə tam şəkildə dövlət vəsaiti hesabına maliyyələşdirilir və əlavə maliyyə cəlbinə ehtiyac nəzərdə tutulmur”, - deyə o bildirib.
