Bakı. Trend:
Türkiyənin antiinhisar tənzimləyicisi Azərbaycan Dövlət Neft Şirkəti SOCAR-a məxsus “Socar Aliağa Liman İşletmeciliği A.Ş.” şirkətinin 50% səhminin dünyanın ən böyük kruiz daşımaları operatoru MSC-nin strukturuna daxil olan liman aktivləri operatoru “Terminal Investment Limited Sarl” tərəfindən alınması üzrə sazişi təsdiqləyib.
Trend xəbər ki, səhm paketi “Socar Turkey Enerji A.Ş.”dən alınıb.
Xatırladaq ki, daha əvvəl Avropa Komissiyası Aİ-nin birləşmələr haqqında reqlamentinə uyğun olaraq “SOCAR Aliağa Liman İşletmeciliği A.Ş.” (“SOCAR Terminal”) üzərində birgə nəzarətin “SOCAR Turkey Enerji A.Ş” (“STEAS”) və “Terminal Investment Switzerland Sàrl” (“TISS”) tərəfindən əldə edilməsini təsdiqləyib.
Qeyd edək ki, Egey regionunun ən böyük konteyner limanı olan “SOCAR Terminal 700” metr uzunluğunda fasiləsiz körpüyə, 16 metr dərinliyə, 420 min kvadratmetr liman sahəsinə və 30 min kvadratmetrlik arxa zonaya malikdir ki, bu da ona həm regional, həm də qlobal ticarət baxımından strateji əhəmiyyət verir. Terminal yeni nəsil ULCS sinifli gəmiləri qəbul etmək qabiliyyətinə malikdir, eyni zamanda bir neçə iri gəmini sürətlə xidmətlə təmin edərək gözləmə müddətini minimuma endirir.
“Gələcəyin limanı” konsepsiyası çərçivəsində fəaliyyət göstərən “SOCAR Terminal” əməyin mühafizəsi və təhlükəsizlik üzrə ən yüksək standartları tətbiq edir, rəqəmsallaşma və texnologiyalara yatırımlar hesabına sahədə lider mövqeyini qoruyur. Bununla yanaşı, terminal karbon izinin azaldılması, bərpa olunan enerji mənbələrinin inkişafı və enerji səmərəliliyinin artırılmasına yönəlmiş dayanıqlı biznes modeli formalaşdırır.
