Bakı.Trend:
Asiya İnkişaf Bankı (AİB) Azərbaycanın da iştirak etdiyi yeni regional təşəbbüsü - “Cross-border Opportunities via Regional Resilience, Infrastructure, Data, and Open Regulations” (CORRIDOR) layihəsini nəzərdən keçirir.
Trend bu barədə banka istinadən məlumat verir.
Xüsusi Texniki Yardım Fondunun 1 milyon ABŞ dolları məbləğində dəstəklədiyi layihə Asiya və Sakit okean regionu ölkələrində iqtisadi artımın sürətləndirilməsi, dayanıqlığın və rəqabət qabiliyyətinin artırılması məqsədilə regional rəqəmsal dəhlizlərin inkişafına yönəlib.
Azərbaycanla yanaşı, təşəbbüs Banqladeş, Gürcüstan, Hindistan, İndoneziya, Qazaxıstan, Monqolustan, Pakistan, Filippin, Çin, Şri-Lanka, Tailand, Türkmənistan, Özbəkistan və Vyetnam da daxil olmaqla çox sayda ölkələri əhatə edir.
"CORRIDOR" proqramı “Association of Southeast Asian Nations”, “Central Asia Regional Economic Cooperation”, “Greater Mekong Subregion”, “Bay of Bengal Initiative for Multi-Sectoral Technical and Economic Cooperation və South Asia Subregional Economic Cooperation” kimi əsas subregional platformalar çərçivəsində təhlükəsiz, inklüziv və uyğunlaşdırılmış sərhədlərarası rəqəmsal transformasiyanın təşviqinə yönəlib.
Təşəbbüs "Asia-Pacific Digital Highway" və "Connect Asia-Pacific" layihələrinin həyata keçirilməsi üçün ilkin layihələndirmə və tənzimləyici hazırlıq işlərini təmin edən əməliyyat mexanizmi kimi təqdim olunur.
Layihənin əsas istiqamətlərinə beş prioritet üzrə biliklərin yaradılması, potensialın artırılması və tərəfdaşlıqların inkişafı daxildir:
— regional əlaqəliliyin və ümumi rəqəmsal infrastrukturun inkişafı, o cümlədən fiberoptik şəbəkələri, data mərkəzləri, bulud xidmətləri və rəqəmsal ictimai infrastruktur;
— ticarətin rəqəmsallaşdırılması və təchizat zəncirlərinin səmərəliliyini artırmaq üçün “ağıllı sərhəd sistemləri"nin tətbiqi;
— regional rəqəmsal ictimai faydaların, “yaşıl data infrastrukturu"nun və süni intellekt əsaslı sistemlərin uyğunlaşdırılması;
— texnoloji sahibkarlığın və innovativ ekosistemlərin dəstəklənməsi üçün regional investisiya mexanizmlərinin formalaşdırılması;
— kibertəhlükəsizlik, məlumatların idarə olunması və rəqəmsal ictimai infrastruktur sahələrində model qanunlar və tənzimləyici “sandbox”lar vasitəsilə rəqəmsal siyasət və tənzimləmələrin harmonizasiyası.
