Bakı. Trend:
Almaniyada yeni hərbi xidmət modelinin tətbiqindən sonra Silahlı Qüvvələrdə (Bundesver) xidmət keçmək istəyənlərin sayı artır. Fevralın sonunadək 16,1 min nəfər hərbi xidmət keçmək üçün müraciət edib ki, bu da ötən illə müqayisədə 20 faiz çoxdur. Bu tendensiya xidmətə yeni qəbul olunan hərbçilərin statistikasında da özünü göstərib. Belə ki, fevralda 5300-dən çox şəxs xidmətə qəbul olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14 faiz çoxdur.
Trend xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyinin məlumatında qeyd olunub.
Məlumatda qeyd edilib ki, xüsusilə yeni hərbi xidmət proqramı çərçivəsində sıravi əsgərlərin sayı nəzərəçarpacaq dərəcədə artıb. Hazırda Bundesverdə təxminən 13 400 nəfər könüllü qısamüddətli hərbi qulluqçu (6–11 ay) və qısamüddətli müqaviləli hərbçi (12-23 ay) kimi xidmət edir. Bu göstərici də ötən illə müqayisədə 15 faiz çoxdur.
Almaniyada ilin əvvəlindən qüvvəyə minmiş yeni hərbi xidmət qanununa əsasən 18 yaşlı bütün gənclərə hərbi xidmət barədə məktub göndərilir və onlardan könüllü şəkildə xidmətə yazılmaları xahiş olunur.
Hazırda Bundesverin aktiv şəxsi heyətinin sayı 186 200 nəfərdir.