Bakı. Trend:
Macarıstan və Sloveniya İtaliyadan qazın nəqli məqsədilə iki ölkəni birləşdirəcək kəmərin inşası ilə bağlı razılıq əldə ediblər.
Trend xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto Budapeştdə Sloveniyanın ətraf mühit, iqlim və enerji naziri Boyan Kumer ilə sənədin imzalanmasından sonra təşkil olunan mətbuat konfransında açıqlama verib.
Onun sözlərinə görə, ümumi uzunluğu 115 kilometr olacaq boru kəmərinin təxminən 40 kilometri Macarıstan ərazisindən keçəcək və layihə çərçivəsində kompressor stansiyasının tikintisi də nəzərdə tutulur.
Siyarto bildirib ki, ilkin mərhələdə kəmərin illik ötürmə gücü 440 milyon kubmetr olacaq, gələcəkdə isə bu göstərici 1,7 milyard kubmetrə qədər artırıla bilər. Bu isə Macarıstana Sloveniya üzərindən İtaliyadan mayeləşdirilmiş təbii qaz idxal etməyə imkan verəcək.
Nazir vurğulayıb ki, bu layihə ölkənin enerji mənbələrini şaxələndirmək strategiyasına uyğundur, lakin mövcud təchizat mənbələri və marşrutlardan imtina anlamına gəlmir. O, həmçinin layihənin həyata keçirilməsi üçün Avropa İttifaqından maliyyə dəstəyi gözlədiklərini qeyd edib və əlavə edib ki, bununla Macarıstan bütün qonşu ölkələrlə qaz kəmərləri vasitəsilə əlaqələndirilmiş olacaq.