...

Kəlbəcər Şəhəri Günü təntənəli keçirilib (FOTO)

Cəmiyyət Materials 25 Noyabr 2025 18:47 (UTC +04:00)
Kəlbəcər Şəhəri Günü təntənəli keçirilib (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Kəlbəcər. Trend:

2025-ci il 25 noyabr tarixində, Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən təsis olunmuş Kəlbəcər Şəhəri Günü qeyd edilib. Bu, işğaldan azad olunduqdan sonra şəhərdə keçirilən ilk Şəhər Günüdür.

Trend-in Qarabağ bürosunun xəbərinə görə, tədbir Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyinin, Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilib.

Şəhər gününün qeyd edilməsi Kəlbəcərin zəngin mədəniyyətinin təqdim olunması baxımından mühüm əhəmiyyət kəsb etməklə yanaşı, illərlə həsrət qaldıqları yurdun yenidən canlanmasını görən və doğma torpaqlarına geri qayıtmış sakinlər üçün həm rəmzi, həm də dərin mənəvi məna daşıyır.

Öncə torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Uşaqlar üçün təşkil edilən mədəni proqram və Gəncə Dövlət Teatrının “Tıq-tıq xanım” tamaşası onların marağına səbəb olmaqla yanaşı, tədbirə xüsusi rəng qatıb.

Şəhər ərazisində qurulan sərgi zonasında “Kəlbəcər – obyektivdən tarixə” fotosərgisi, “Kəlbəcərin palitrası” adlı rəsm sərgisi, rəssamların iştirakı ilə keçirilən ustad dərsləri, eləcə də bölgənin qədim aşıq sənətini təmsil edən aşıqların ustad dərsləri ziyarətçilərə təqdim olunub.

Şəhər Günündə ictimai-siyasi xadimlər, Kəlbəcər ziyalıları, hərbiçilər və mədəniyyət xadimləri Kəlbəcərin yenidən qurulan ictimai-mədəni həyatına həmrəylik və dəstək nümayiş etdiriblər.

Bayram çərçivəsində ziyarətçilər üçün qida və istirahət guşəsi fəaliyyət göstərib. Burada qonaqlara Kəlbəcərin milli təamları, bölgənin dağ bitkilərindən dəmlənmiş çayları və keyfiyyəti ilə seçilən Kəlbəcər balı təqdim olunub.

Sonda möhtəşəm atəşfəşanlıq və müasir lazer şousu bayrama xüsusi təntənə qatıb.

Tədbirin gələcək illərdə də ənənəvi təşkili nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti