Kəlbəcər. Trend:
Kəlbəcərə ilk dəfədir ki, gəlirəm. Bura çox gözəldir.
Trend-in Qarabağ bürosunun xəbərinə görə, bu sözləri bu gün Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli Kəlbəcərdə təşkil edilən Kəlbəcər şəhər günündə media nümayəndələrinə müsahibəsi zamanı bildirib.
"İlk dəfədir Kəlbəcərdəyəm və açıq deyim ki, buradakı təsərrüfat möhtəşəmdir. Şuşanın dağları gözəldir, amma Kəlbəcərin dağları sanki insanı qucaqlayır, əhatə edir. Mən belə mənzərəni heç vaxt görməmişəm – bura, bəlkə də, dünyada analoqu olmayan unikal bir məkandır. İsti su mənbələrinə də getdik, həm sudan istifadə etdik, həm də turşsudan içdik. Bu torpaq sadəcə torpaq deyil, möcüzədir, böyük bir sərvətdir", - o əlavə edib.
Onun sözlərinə görə, çox xoşbəxtəm ki, Prezident İlham Əliyev beş il əvvəl xüsusi əməliyyatla Kəlbəcəri və Laçını azad etdi. Şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimiz tezliklə sağalsın:
"Biz onlara borcluyuq. Nə yaxşı ki, Kəlbəcərdə toqquşma və qarşıdurma olmadı. Təsəvvür edirəm ki, belə olsaydı nə qədər itkilərimiz ola bilərdi. Bu ərazidə müharibə aparmaq son dərəcə çətindir.
Sizi ürəkdən təbrik edirəm. Arzu edirəm ki, Kəlbəcərdə həmişə belə bayramlar olsun. Fikirləşirəm ki, burada gələcəkdə mütləq musiqi festivalları təşkil edilməlidir. Təkcə aşıq və muğam deyil, böyük beynəlxalq kollektivlər də bura gəlməlidir. İspaniyadan, İtaliyadan turistlər mütləq Kəlbəcəri görməlidirlər. Yerli camaat burada gəlir əldə etməlidir, çünki ekoturizm çox mühüm sahədir.
İnanıram ki, Kəlbəcər hər gün daha da gözəlləşəcək".
