Bakı. Trend:
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Roma şəhərindəki Baş Qərargahında Kodeks Alimentarius Komissiyasının 48-ci sessiyasında qida təhlükəsizliyi, istehlakçı hüquqlarının müdafiəsi və beynəlxalq ticarətin tənzimlənməsi kimi əsas məsələlər müzakirə olunub.
Trend xəbər verir ki, bu barədə AQTİ məlumat yayıb.
Bildirilib ki, sessiya çərçivəsində Kodeks standartlarının yenilənməsi, 2026-2031-ci illər üzrə Strateji Planın monitorinq çərçivəsinin tətbiqi ilə bağlı məsələlər və qida sistemlərində yeni çağırışlar müzakirəyə çıxarılıb. FAO və ÜST tərəfindən qida mənşəli xəstəliklərin qlobal yükünə dair təqdim edilən yenilənmiş məlumatlar xüsusi diqqət çəkib.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyəti sədrinin müavini Ramazan Nəbiyev sessiya zamanı yazılı rəylər təqdim etməklə yanaşı yeni iş təklifləri üzrə müzakirələrdə də çıxış edib. Ölkəmiz irəli sürülən “Yeni qida mənbələri və istehsal sistemləri üzrə risk təhlili prinsipləri” adlı yeni işin başlanmasını dəstəkləyərək innovativ qida məhsullarının tənzimlənməsi üçün elmi əsaslı, harmonizasiya olunmuş çərçivənin zəruriliyini vurğulayıb. Həmçinin pasterizə olunmuş dəvə südü üzrə yeni kodeks standartının hazırlanmasına dair təklif də dəstəklənib. Bu mövqeyin əsas səbəbi bir sıra regionlarda dəvə südünə artan tələbat və beynəlxalq ticarətdə standartlaşdırmanın istehlakçıların müdafiəsində mühüm rol oynamasıdır.
Xatırladaq ki, 10-14 noyabr 2025-ci il tarixlərində keçirilən Kodeks Alimentarius Komissiyasının 48-ci sessiyasında Azərbaycan nümayəndəsinin fəal iştirakı ölkəmizin beynəlxalq qida təhlükəsizliyi proseslərində aktiv mövqe tutduğunu və kodeks fəaliyyətlərinə verdiyi əhəmiyyəti bir daha nümayiş etdirib. Sessiya yekun hesabatın qəbul edilməsi ilə başa çatıb.
