Bakı. Trend:
Gələcək 30–50 ilin karbohidrogen layihələrini əvvəlki 30 ildə olduğu kimi həyata keçirə bilmərik.
Trend xəbər verir ki, bunu bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə (AGT) üzrə regional prezidenti Ciovanni Kristofoli bu gün Bakıda keçirilən SPE 2025 Xəzər Texniki Konfransında deyib.
O bildirib ki, bp-nin gördüyü işlərin əsasında çox ciddi texniki məsələlər dayanır:
"Bu məsələləri müzakirə etmək üçün ən yaxşı texniki mütəxəssislərin bir araya gəlməsi isə sənayenin irəliləməsi baxımından həlledici əhəmiyyət daşıyır. Bu tədbirdə iştirak etmək mənim üçün doğrudan da böyük xoşbəxtlikdir.
Bölgədə möhtəşəm infrastruktur var. Mən buna iki məqam daha əlavə edərdim. Bunlardan birincisi insanlardır. Bu regionda həqiqətən yüksək peşəkarlığa malik işçi qüvvəsi formalaşıb - istər texniki heyət, istər mühəndislər, istər kommersiya sahəsinin mütəxəssisləri olsun. Sənayemizə maraq göstərən, öyrənməyə həvəsli, yenilikçiliyə açıq, sərhədləri aşmağa çalışan böyük bir insan kapitalı var. Məncə, gələcəyin qurulması üçün əsas təməl məhz budur. İnsanların sənayeyə və texniki çağırışlara yanaşma tərzi bu regionda işləməyi xüsusi zövqə çevirir".
Onun sözlərinə görə digər amil tərəfdaşlıq ənənəsidir:
"Hökumətlə olan əməkdaşlıq biznes və investisiya baxımından çox açıq və dəstəkləyicidir. Hökumətin regiona daha çox kapital cəlb etmək üçün güclü səylər göstərdiyini görürəm. Bu, hər yerdə belə deyil. SOCAR-la tərəfdaşlıq da xüsusi qeyd olunmalıdır. Eyni zamanda təchizat zənciri ilə güclü əməkdaşlıq mövcuddur. Düşünürəm ki, bu regionun özünəməxsus “xüsusi sehrli resepti” məhz güclü tərəfdaşlıqlar qurmaq bacarığıdır".
Regional prezident eyni zamanda çağırışlardan da danışıb:
"Çağırışlara gəlincə, məncə, əsas məsələ düşüncə tərzidir. Gələcək 30–50 ilin karbohidrogen layihələrini əvvəlki 30 ildə olduğu kimi həyata keçirə bilmərik. İş üsullarımızı dəyişməliyik. Rahatlığa qapılmaq olmaz. Texniki çağırışlar daha mürəkkəb olur, təchizat zənciri daha çətinləşir. Buna görə də əsas çağırış keçmişin yanaşmaları ilə davam etməmək, dəyişən şərtlərə uyğunlaşmaqdır".
