Bakı. Trend:
Yeganə Azərbaycan-Türkiyə media platforması olan “DHApress.com” genişmiqyaslı rəqəmsal transformasiya həyata keçirərək xəbərlərin hazırlanması prosesində süni intellekt texnologiyalarının tətbiqinə başlayıb. Bu, D-8 və Türk Dövlətləri Təşkilatı ölkələrindən bir çox KİV-in bu layihəyə qoşulmasına imkan yaradacaq.
Bu transformasiya jurnalistlərə redaksiya resurslarını optimallaşdırmağa, məlumatları daha operativ toplamağa, iri həcmdə məlumat massivlərini təhlil etməyə, xəbər lentini formalaşdırmağa, eləcə də materialları daha yüksək dəqiqlik və dərinliklə hazırlamağa imkan verəcək. Süni intellekt xəbər materiallarını müstəqil idarə edəcək, tənzimləyəcək, çoxsaylı dillərə tərcümə edəcək və portalda günün xəbər mənzərəsinin formalaşmasında iştirak edəcək.
Yeni alətlər redaksiyanın iş sürətini artırır, rutin prosesləri minimuma endirir və diqqəti ən vacib olan məsələyə– keyfiyyətli və yoxlanılmış məzmunun yaradılmasına yönəltməyə imkan verir.
Modernləşmə nəticəsində platforma D-8 və TDT ölkələrinin aparıcı media qurumlarının qoşulmasına hazır olur, bu isə vahid media məkanının formalaşdırılması və operativ informasiya məzmununun beynəlxalq səviyyədə mübadiləsi üçün yeni imkanlar açır.
