...

YARAT Müasir İncəsənət Mərkəzində “Ex Africa semper aliquid novi” adlı qrup sərgisinin açılışı keçiriləcək (FOTO)

Gündəm Materials 25 Noyabr 2025 15:15 (UTC +04:00)
YARAT Müasir İncəsənət Mərkəzində “Ex Africa semper aliquid novi” adlı qrup sərgisinin açılışı keçiriləcək (FOTO)

Bakı. Trend:

27 noyabr saat 19:00-da YARAT Müasir İncəsənət Mərkəzində Afrika müasir incəsənətinə həsr olunmuş “Ex Africa semper aliquid novi” adlı qrup sərgisinin açılışı keçiriləcək.

Bu barədə Trend-ə YARAT-ın Mətbuat xidmətindən məlumat verilib.

Afrikadan hər zaman hansısa bir yenilik ortaya çıxır”.

Böyük Plini (Qay Plini Sekund), “Naturalis historia” (“Təbiət tarixi”)

YARAT Müasir İncəsənət Məkanı böyük məmnuniyyətlə sizi “Ex Africa semper aliquid novi” adlı genişmiqyaslı qrup sərgisinə dəvət edir. Alfons Huqun kuratorluğu ilə təşkil edilən bu sərgi, Afrika qitəsinin müxtəlif bölgələrindən on bir sayılıb-seçilən rəssamı bir araya gətirir. Sözügedən sərgi layihəsi Afrikanın unikal, qeyri-adi incəsənət müxtəlifliyini araşdırır. Afrika elə bu gün də müasir dünyanın simasını formalaşdıran mədəni, siyasi və estetik narrativlər yaratmaqda davam edir.

Əsrlər boyu Afrika bəşəriyyətin beşiyindən tutmuş imperializm, köləlik, müstəmləkəçilik və azadlıq kimi ən mürəkkəb dövrlərə bütün qlobal dəyişikliklərin təkanverici qüvvəsi olmuşdur. Onun mədəni izləri çoxdan bəri coğrafi sərhədləri aşaraq, Avropanın incəsənət tarixində, caz musiqisində və karnavallarda, ədəbiyyatda və memarlıqda, çağdaş dövrdə isə qlobal müasir incəsənət səhnəsində öz əksini tapır.

Bu gün Afrika bir daha dərin demoqrafik, ekoloji və sosial dəyişikliklərin mərkəzindədir. “Ex Africa” sərgisi müasir dövrün reallıqlarını daha geniş tarixi və mədəni kontekstdə təqdim edir, tamaşaçını Afrikanı bir periferiya deyil, məhz dünya sivilizasiyası və yaradıcılığının əsas “mühərriklərindən” biri kimi, yenidən mənalandırmağa dəvət edir.

Müasir Afrika incəsənəti inanılmaz bir yüksəliş və yenilənmə dövrünü yaşayır. Son onilliklərdə Dakar, Yohannesburq, Mərakeş, Bamako və Luandada keçirilən biennalelər, eləcə də “Documenta” və Venesiya Biennalesi kimi beynəlxalq səviyyəli sərgilər Afrika rəssamlarını qlobal incəsənət diskursunun ön sırasına çıxarmışdır.

Belə ki, bu qlobal tanınmanın arxasında daha mürəkkəb bir təhkiyə gizlənir: bu, yerli xalqların müasirliyi, qarışıq estetikası və kolonial, etnoqrafik çərçivələri aşan bədii müqaviməti haqqındadır. Müasir Afrika incəsənəti eyni anda həm ənənəvi irsdən, həm xristianlıq və islamdan, həm də müasir qlobal təsirlərdən ilhamlanaraq, xronoloji ardıcıllığa və qəbul olunmuş iyerarxiyalara qarşı çıxan çoxsəsli vizual dil yaradır.

“Ex Africa semper aliquid novi” qrup sərgisi Azərbaycan tamaşaçılarını yeni nəsil Afrika rəssamları ilə tanış edir. Bu rəssamların əsərləri beynəlxalq səviyyədə tanınmasına baxmayaraq, regionda hələ geniş məlum deyil. Sərgi bir-birinə təbii şəkildə bağlı olan dörd tematik istiqamət üzrə qurulub. “Tarixin əks-sədası” – burada rəssamlar kollektiv yaddaşa və postkolonial irsə qayıdır; “Vücudlar və portretlər” – şəxsiyyətin, təmsilçiliyin və insan mövcudluğunun bədii təzahürləri; “Şəhər dramı” – miqrasiya, bərabərsizlik və transformasiya hekayələri, həmçinin “Yoxa çıxan səslər” – Nigeriyanın səkkiz dilinə əsaslanan, dilin kövrəkliyini araşdıran səs instalyasiyası. Bütün bu mövzuların vəhdəti, müasir Afrika incəsənətinin rəngkarlıq, fotoqrafiya və instalyasiya üslublarının zənginliyini və vacibliyini üzə çıxarır, habelə bu qitənin həm dərin problemlərini, həm də tükənməz yaradıcılıq enerjisini işıqlandırır.

Rəssamlar

Abdulay Konate
Abdulrazaq Avofeso
Corc Osodi
Endrü Şabanqu
Meri Evans
Mohau Modisakenq
Nastio Moskito
Ndidi Dike
Okhay Oceykere
Paskal Martin Tayu
Yussef Limud

“Nigeriya dilləri”, audioinstalyasiya

Audioinstalyasiya Fundaçao Bienal do Mercosul (Braziliya) tərəfindən təqdim edilib.

Kurator haqqında

Alfons Huq – beynəlxalq biennalelərdə və sərgilərdə zəngin təcrübəyə malik kurator və yazıçıdır. O, Venesiya Biennalesində bir neçə milli pavilyonun kuratoru kimi fəaliyyət göstərib və

müxtəlif ölkələrdə, o cümlədən Laqosda (Nigeriya), Goethe-Institut-a rəhbərlik edib. Onun uzunillik tədqiqatları transmilli dialoqlara və qeyri-qərb incəsənət tarixlərinə yönəlib.

YARAT haqqında

2011-ci ildə Aida Mahmudova tərəfindən təsis olunan YARAT Müasir İncəsənət Məkanı Azərbaycanda müasir incəsənətin təbliğatı və inkişafı ilə məşğul olan yerli və beynəlxalq incəsənət icmaları arasında mədəni mübadilənin inkişafına dəstək vermək məqsədilə təsis edilmiş qeyri-kommersiya təşkilatıdır. Sərgilər, rezidenturalar, təhsil proqramları və ictimai təşəbbüslər vasitəsilə, YARAT kollektiv yaddaş və qlobal dialoqun formalaşmasında incəsənətin rolunun dərk edilməsində yeni yolları təşviq edir.

Sərginin müddəti: 26.11.2025 05.04.2026

Sərginin iş rejimi: Çərşənbə axşamı – bazar, 12:00-20:00
Ünvan: YARAT Mərkəzi, Bayıl qəs. (Azərbaycan Dövlət Bayrağı Meydanı)

Giriş sərbəstdir

Məqalədə:
Xəbər lenti

Xəbər lenti