Bakı. Trend:
Böyük Britaniyanın Baş naziri Kir Starmer çərşənbə axşamı “İstəklilər koalisiyası”nın onlayn toplantısında Londondan Kiyevə əlavə hava hücumundan müdafiə (HHM) raketlərinin yola salınacağını açıqlayıb.
Trend-in "Guardian" nəşrinə istinadən məlumatına görə, Starmer koalisiya üzvü olan ölkələrin liderlərini Ukraynada mümkün hərbi kontingentin yerləşdirilməsi ilə bağlı qəti öhdəliklər qəbul etməyə çağırıb.
"Yaxın günlərdə Böyük Britaniya Ukraynaya daha çox HHM raketi göndərəcək", – baş nazir vurğulayıb.
Starmer həmçinin Rusiyadan enerji resurslarının idxalına tam embarqo tətbiq olunmasını istəyib və bunun Moskva üzərinə təzyiqin davam etməsinə xidmət edəcəyini, mövcud addımların artıq nəticə verdiyini qeyd edib.
Onun sözlərinə görə, Ukraynada mümkün atəşkəsə dair danışıqlar irəliləyiş göstərir. Nəşrin yazdığına görə, “Ukrayna ABŞ-ın nizamlanma planına bir sıra konstruktiv dəyişikliklər irəli sürüb və Kiyevin Avropalı müttəfiqləri bu təklifləri dəstəkləyiblər”.