...

Dövlət aqroparklarının idarə olunmasına görə haqqın məbləği belə hesablanacaq

Cəmiyyət Materials 25 Noyabr 2025 09:45 (UTC +04:00)
Dövlət aqroparklarının idarə olunmasına görə haqqın məbləği belə hesablanacaq
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

“Dövlət tərəfindən yaradılan aqroparkın idarə olunmasına görə haqqın məbləğinin müəyyən edilməsi Qaydası” təsdiq edilib.

Trend-in məlumatına görə, bununla bağlı kənd təsərrüfatı naziri Məcnun Məmmədov müvafiq qərar imzalayıb.

Qərara əsasən, bu Qayda dövlət tərəfindən yaradılan aqroparkın idarə olunmasına görə haqqın məbləğinin müəyyən edilməsi qaydasını müəyyən edəcək.

Dövlət tərəfindən yaradılan aqroparkın idarə olunmasına görə haqqın (bundan sonra - haqq) məbləğinə dövlət tərəfindən yaradılan aqroparkın infrastrukturunun, ümumi istifadədə olan ərazilərinin saxlanılması xərcləri daxildir və bu xərclər həmin aqroparkın rezidentləri tərəfindən ödəniləcək.

Haqqın məbləği dövlət tərəfindən yaradılan aqroparkın rezidentlərinə göstərilən xidmətlərin həcmindən asılı olaraq müəyyən ediləcək.

Haqqın məbləği əlavə dəyər vergisi nəzərə alınmaqla, hər hektar torpaq sahəsinə görə və illik müəyyən olunacaq.

Haqq dövlət tərəfindən yaradılan aqroparkda rezidentlərin yaratdıqları təsərrüfatlardan fayda əldə edilmə müddəti, sahibkarlıq fəaliyyətinin növü, həmçinin investisiya layihəsinin sosial mahiyyəti nəzərə alınmaqla müəyyən olunacaq.

İnvestisiya layihəsinin sosial mahiyyəti deyildikdə Dövlət Məşğulluğu Agentliyi tərəfindən özünüməşğulluq çərçivəsində işaxtaran və işsiz kimi qeydiyyata alınan şəxslərin dövlət tərəfindən yaradılan aqroparkın rezidenti kimi qeydiyyata alınması və orada sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi nəzərdə tutulacaq.

Haqqın məbləği dövlət tərəfindən yaradılan aqroparkın rezidentləri tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair idarəedici təşkilatla müqavilə bağlanmasından sonrakı 12 ayın bitməsindən sonrakı 30 təqvim günü ərzində idarəedici təşkilatın bank hesabına köçürmə yolu ilə ödəniləcək.

Haqqın məbləği dövlət tərəfindən yaradılan hər aqroparka münasibətdə ayrıca müəyyən olunacaq.

Haqqın məbləği:

  • birillik əkinlər (tərəvəzçilik təsərrüfatları istisna olmaqla) və yem bitkiləri üzrə birinci ildən 100 faiz məbləğində hesablanacaq;
  • çoxillik əkmələr (sosial bağçılıq istisna olmaqla) üzrə 1-3 illər ərzində 20 faiz, dördüncü və beşinci illər ərzində 60 faiz, altıncı ildən başlayaraq 100 faiz məbləğində hesablanacaq;
  • sosial bağçılıq üzrə 1-3-cü illər ərzində 0 faiz, dördüncü və beşinci illər ərzində 60 faiz, altıncı ildən başlayaraq 100 faiz məbləğində hesablanacaq;
  • tingçilik təsərrüfatları üzrə birinci il ərzində 18 faiz, ikinci ildən 100 faiz məbləğində hesablanacaq;
  • tərəvəzçilik təsərrüfatları üzrə birinci il ərzində 44 faiz, ikinci ildən 100 faiz məbləğində hesablanacaq;
  • örtülü sahələr (istixanalar) və innovativ bitkiçilik üzrə birinci il ərzində 44 faiz, ikinci ildən 100 faiz məbləğində hesablanacaq;
  • müasir heyvandarlıq və quşçuluq kompleksləri, müasir balıqyetişdirmə təsərrüfatları, kənd təsərrüfatı məhsullarının emalı, qablaşdırılması və xidmətlərin göstərilməsi, o cümlədən məhsulların saxlanılması, çeşidlənməsi və satışı üzrə obyektlərin tikintisi müddətində 33 faiz, fəaliyyətə başladığı ildən 100 faiz məbləğində hesablanacaq.

Məlumat üçün bildirək ki, qərar sentyabrın 26-da qəbul edilib, noyabrın 20-də Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib, noyabrın 21-də qüvvəyə minib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti