Astana. Trend:
Qazaxıstan 2025-ci ilin sonuna kimi “Azərbaycan Hava Yolları” (AZAL) şirkətinə məxsus təyyarənin Aktau aeroportu yaxınlığında qəzaya uğraması ilə bağlı araşdırma üzrə hesabat təqdim edəcək.
Trend xəbər verir ki, bunu Qazaxıstanın nəqliyyat nazirinin müavini Maksat Kaliakparov keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir.
“İlkin nəticələr istintaqa başlanandan üç ay sonra komissiyaya təqdim edilib. Hazırda daha dərin araşdırmalar, o cümlədən mürəkkəb ekspertizalar aparılır”,- deyə Kaliakparov bildirib.
O vurğulayıb ki, istintaqın nə zaman yekunlaşacağı barədə dəqiq tarix demək hələ mümkün deyil.
“Məsələ kifayət qədər ciddi olduğuna görə, müddətə zəmanət verə bilmirik. Bununla belə, yekun hesabat ilin sonuna qədər təqdim olunacaq”, – nazir müavini əlavə edib.
Xatırladaq ki, 25 dekabr 2024-ci il tarixində Azərbaycan Respublikasının Bakı şəhərindən Rusiya Federasiyasının Qroznı şəhərinə J2-8243 reysi üzrə müntəzəm uçuş həyata keçirən “Azərbaycan Hava Yolları” QSC-yə (“AZAL”) məxsus və dövlət reyestrində 4K-AZ65 nömrəsi ilə qeydiyyata alınmış Embraer 190-100 IGW tipli sərnişin hava gəmisi Qazaxıstan Respublikası ərazisində Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində iki uçuş heyəti üzvü (kapitan və ikinci pilot), böyük təyyarə bələdçisi və 35 sərnişin həlak olub.
İnsan tələfat və xəsarət alanlar olmasına baxmayaraq, pilotların, bələdçilərin yüksək peşəkarlığı, şücaəti və cəsurluğu sayəsində təyyarə qəza enişi həyata keçirib və 29 nəfərin həyatını xilas etmək mümkün olub. Qazaxıstan Respublikasında gözlənilən qəza enişi barədə məlumat daxil olduqdan dərhal sonra zəruri qəza-xilasetmə tədbirləri həyata keçirilmiş, sağ qalanlar təxliyə edilərək tibbi yardım göstərilib.
İlkin hesabat aşağıdakı faktları təsdiq edir:
1. 25 dekabr 2024-ci il tarixində Azərbaycan Respublikasının Bakı şəhərindən Rusiya Federasiyasının Qroznı şəhərinə J2-8243 reysi üzrə müntəzəm uçuş həyata keçirən “Azərbaycan Hava Yolları” QSC-yə məxsus və dövlət reyestrində 4K-AZ65 nömrəsi ilə qeydiyyata alınmış Embraer 190-100 IGW tipli sərnişin hava gəmisi uçuşa başladıqda və Qroznıya qədər olan uçuş hissəsində tam uçuşa yararlı vəziyyətdə olmuşdur. Hava gəmisinin, o cümlədən onun idarəetmə sisteminin uçuşa yararlılıqla əlaqədar bu məlumatlar FDR vasitəsilə öz təsdiqini tapmışdır.
2. Hava gəmisinin mühərriklərinin hər ikisi qəza anına qədər hər hansı texniki problem olmadan çalışmışlar. Bu məlumat (FDR vasitəsilə təsdiq olunmuşdur.
3. Hava gəmisi Rusiya Federasiyasının hava məkanında, o cümlədən Qroznı hava limanı üzərində uçuş əməliyyatları həyata keçirərkən GPS siqnallarının itməsi halı ilə üzləşmişdir.
4. Hava gəmisi hava şəraitinin əlverişli olmaması səbəbindən Qroznı üzərində ikinci enişi yerinə yetirə bilmədikdən sonra kapitan Bakıya qayıtmaq barəsində qərar vermişdir. Bu qərarın qəbul edilməsindən sonra Qroznı üzərində CVR-da 24 saniyə aralıqla iki dəfə kənar səsin gəlmə faktı qeydiyyata alınmışdır.
5. CVR və FDR məlumatlarının tutuşdurulması nəticəsində müəyyən edilmişdir ki, birinci kənar səsdən 4 saniyə sonra 3-cü hidravlik sistem, 6 saniyə sonra 1-ci hidravlik sistem, 21 saniyə sonra 2-ci hidravlik sistem funksionallığını itirməklə sıradan çıxmışdır.
