Bakı.Trend:
“Aqroparkların, habelə onların rezidentlərinin reyestrinin aparılması Qaydası” təsdiq edilib.
Trend-in məlumatına görə, bununla bağlı Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov müvafiq qərar imzalayıb.
Bu Qayda aqroparkların, habelə onların rezidentlərinin reyestrinin aparılması qaydasını müəyyən edir.
Qərara əsasən, aqroparkların, habelə onların rezidentlərinin reyestrinin (bundan sonra – Reyestr) yaradılması, aparılması və Reyestrə daxil edilmiş məlumatların müntəzəm yenilənməsi idarəedici təşkilat tərəfindən həyata keçirilir.
Reyestr informasiya ehtiyatıdır, onun istifadəsi və mühafizəsi idarəedici təşkilat tərəfindən təmin edilir.
Reyestr təqvim illərinə əsasən və hər aqropark, habelə onun rezidenti üzrə ayrıca aparılır.
Aqroparkın qeydiyyatı və onun rezidentinin qeydiyyat şəhadətnaməsi ləğv edildikdə onun qeydiyyat nömrəsi silinmir, başqasına verilmir. Ləğv edilmiş aqropark barədə məlumatlar Reyestrdən çıxarılır. Qeydiyyatı ləğv edilmiş aqropark və onun rezidenti barədə məlumatlar Reyestrdə “Aktiv olmayan aqroparklar və rezidentlər” bölməsində göstərilir.
Reyestrə daxil edilən məlumatlarda dəyişikliklər baş verdikdə özəl aqroparkın qeydiyyatı ilə bağlı təklif təqdim edən sahibkarlıq subyektləri, habelə aqroparkın rezidentləri tərəfindən bu barədə idarəedici təşkilata 10 (on) iş günü müddətində məlumat verilməlidir. Məlumat daxil olduqdan, habelə dövlət aqroparkı barədə Reyestrə daxil edilən məlumatlarda dəyişiklik baş verdikdən sonrakı 5 (beş) iş günündən gec olmayaraq idarəedici təşkilat tərəfindən müvafiq dəyişikliklər Reyestrə daxil edilir.
Məlumat üçün bildirək ki, qərar sentyabrın 26-da qəbul edilib, noyabrın 20-də Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib, noyabrın 21-də qüvvəyə minib.
