Bakı. Trend:
FIFA və Səudiyyə İnkişaf Fondu (SFD) inkişaf etməkdə olan ölkələrdə stadionların və əlaqəli infrastrukturların tikintisi və yenilənməsi üçün bir milyard dollara qədər güzəştli kreditlərin ayrılmasını nəzərdə tutan saziş imzalayıblar.
Trend-in verdiyi məlumata görə, FIFA prezidenti Canni İnfantino bu təşəbbüsün qlobal futbolun inkişafı üçün böyük əhəmiyyət daşıdığını bildirib.
Onun sözlərinə görə, bir çox futbol assosiasiyası yarışların təşkili üçün zəruri olan infrastrukturun modernləşdirilməsinə əlavə dəstəyə ehtiyac duyur: “Bu saziş assosiasiyalarımızın futbolun həqiqətən qloballaşması üçün tələb olunan şəraitlə təmin edilməsinə yönələn vacib addımdır”.
Proqramın məqsədi inkişaf etməkdə olan ölkələrdə infrastruktur layihələrini dəstəkləmək, yeni imkanlar yaratmaq və bütün səviyyələrdə idmanda iştirakın genişlənməsinə töhfə verməkdir.
