Bakı. Trend:
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə noyabrın 25-də Səudiyyə Ərəbistanına səfərə yola düşəcək.
Trend xəbər verir ki, bu barədə QMİ məlumat yayıb.
Bildirilib ki, Şeyxülislam A.Paşazadə İslam Aləmi Liqasının Baş katibi, Dünya Üləmalar Heyətinin sədri Məhəmməd bin Əbdülkərim Əl-İsanın dəvəti ilə 26 noyabrda İslam Aləmi Liqasının Elektron Platformasının təqdimat və müzakirəsi tədbirində iştirak edəcək.
Qeyd olunub ki, İslam Aləmi Liqası dünyadakı missiyasına sadiq
qalaraq, rəqəmsal dövrün gətirdiyi yeniliklər, çətinliklər və
imkanlarla uyğunlaşaraq öz qlobal platformasını istifadəyə verməyi
və bu platforma vasitəsilə uzun müddətdir həllini gözləyən rəqəmsal
problemlərin aradan qaldırılmasına töhfə verməyi hədəfləyir.
Mərasimdə İslam dünyasının müftiləri, böyük alimləri, fiqh və
şəriət elmi qurumlarının nümayəndələri iştirak edəcəklər.
