Bakı. Trend:
Emissiyalar, iqlim dəyişikliyi və iqtisadiyyat arasındakı qarşılıqlı əlaqənin tanınması isə daha inteqrə olunmuş yanaşmanı təşviq edir. Bu baxımdan, AMB iqlim risklərinin qiymətləndirilməsi potensialını artırmaq üçün qurumlararası təşəbbüsə başlayıb.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımovun “Central Banking” onlayn jurnalında “COP29-dan sonrakı dövrdə dayanıqlılığın təşviqi” mövzusunda dərc olunmuş məqaləsində bildirilib.
Qeyd edilib ki, AMB Beynəlxalq Valyuta Fondunun texniki dəstəyi ilə uzun müddət əsas çağırışlara səbəb olan məlumat boşluqlarını aradan qaldırmağa yönəlmiş Keçid Riskləri Dataları üzrə Yol Xəritəsi hazırlayıb: “Bu təşəbbüs iqlimlə əlaqəli maliyyə risklərinin dəqiqlik və uzaqgörənliklə qiymətləndirilərək mitiqasiya edilməsinə yönəlib. Bu, həm də AMB-nin data əsaslı risk idarəetməsi və qərar qəbuletmə prosesinə sadiqliyini nümayiş etdirir”.
“Bu təkmilləşdirilmiş alət və metodologiyalar maliyyə institutlarına iqlimlə əlaqəli maliyyə risklərinin daha dəqiq idarəetmə imkanı verəcək, nəticə etibarilə isə, artmaqda olan iqlim qeyri-müəyyənliyi şəraitində maliyyə sabitliyinin təmin edilməsinə dəstək olacaqdır”, - məqalədə vurğulanıb.
