Bakı. Trend:
Xəbər verildiyi kimi, noyabrın 21-də paytaxtın Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğınla əlaqədar Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Trend xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilir ki, istintaq zamanı aidiyyəti dövlət qurumları, o cümlədən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və müvafiq ekspertlərin iştirakı ilə hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb, çoxsaylı istintaq hərəkətləri icra edilib.
Hazırkı vaxtadək keçirilmiş tədbirlərilə müəyyən edilib ki, binanın zirzəmisində başlamış yanğın nəticəsində 3 sakin – Arzu Qəmbərli, Samir Məhəmmədov və Könül Hümbətova vəfat edib, 25 nəfər tüstüdən zəhərlənib, habelə müxtəlif şəxslərə məxsus əmlaka ziyan dəyib.
Həmçinin, istintaqla, hadisənin baş verdiyi binanın zirzəmi qatı və birinci mərtəbəsində yerləşən qeyri-yaşayış obyektini icarəyə götürmüş “TAXES GROUP” MMC-in (Loft Klinika) qanuni təmsilçisi - direktoru Bəhruz Paşayevin üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs kimi bu qaydaları pozub ehtiyatsızlıqdan 3 şəxsin ölümünə, habelə digər ağır nəticələrə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.
Noyabrın 23-də Bəhruz Paşayev şübhəli şəxs qismində tutulub, noyabrın 24-də isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.
İstintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında B.Paşayevin barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir və baş vermiş hadisədə təqsirli olan bütün şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
