Bakı. Trend:
Serbiyanın milli aviadaşıyıcısı “Air Serbia” gələn ilin yayında Belqrad və Bakı arasında birbaşa uçuşların açılması ilə bağlı Azərbaycanla danışıqların son mərhələsindədir.
Trend xəbər verir ki, məlumatı aviaşirkətin baş direktoru İrji Marek Serbiyanın Radio Televiziyasına (RTS) açıqlayıb.
O bildirib ki, “Air Serbia” Avropada şəbəkəsini genişləndirməyi və yeni istiqamətlər açmağı planlaşdırır. “Tiflisdəki uğurumuzdan sonra Bakıya növbəti marşrutumuzu işə salmaq üçün danışıqların son mərhələsindəyik. Tezliklə qərar veriləcək. Biz həmçinin Yaxın Şərq istiqamətini də nəzərdən keçiririk”, – deyə İrji Marek əlavə edib.
Baş direktor noyabrın əvvəlində Astanadan Belqrada birbaşa uçuşlar açan Qazaxıstanın “SCAT” aviaşirkəti ilə əməkdaşlığı və gələn ilin aprelində İordaniyanın “Royal Jordanian Airlines” aviaşirkəti ilə Əmmandan reyslərin başlanması planlarını da xatırladıb.
