Bakı. Trend:
TİKA yarandığı gündən etibarən 170-dən çox ölkədə 30 mindən artıq layihə və fəaliyyət həyata keçirmişdir.
Trend xəbər verir ki, bunu Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin Bakı ofisinin rəhbəri Hayrettin Özçelik Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunun rəsmi açılış mərasimində çıxışı zamanı deyib.
O bildirib ki, qurumun missiyası hər zaman Türkiyənin beynəlxalq inkişaf əməkdaşlığı çərçivəsində ölkələrin iqtisadi, sosial və humanitar inkişaf proseslərini dəstəkləmək, ortaq tarixi və mədəni irsimizi gələcəyə daşıyacaq davamlı layihə və fəaliyyətlər həyata keçirməkdir:
“Bu missiyaya uyğun olaraq, TİKA-nın ilk ofislərindən biri olan Bakı ofisimiz davamlı əməkdaşlıq məqsədilə 2000-ə yaxın layihəyə imza atmışdır. Təhsildən sağlamlığa, potensialın artırılmasından tarixi irsin qorunmasına qədər müxtəlif sahələrdə Türk Respublikaları ilə olan qardaşlıq münasibətlərimizi inkişaf etdiririk. Ofislərimiz vasitəsilə Türk xalqının qardaşlığını dünyanın hər bir nöqtəsinə çatdırırıq.
Sivil toplumun, müasir dövlətlərin əsas sütunlarından biri olduğu şüuru ilə hərəkət edərək ortaq irsimizin kəşfini və müasir təcrübələrimizi paylaşmağı davam etdirmək istəyirik. Burada tədbirə qatılan qonaqlarımız da öz vətəndaş cəmiyyəti təcrübələrini bir-birilərinə ötürəcək və aramızdakı dostluq daha da möhkəmlənəcək”.
