Bakı.Trend:
Postmünaqişə dövrünün artıq beş ili geridə qalır. Bu beş il Azərbaycan xalqının iradəsinin, sarsılmaz həmrəyliyinin və tarix qarşısında qazandığı ədalətli qələbənin davamı kimi xatırlanır. Azərbaycan bu müddət ərzində Qarabağ və Şərqi Zəngəzurun bərpası, yenidən qurulması və bölgənin dayanıqlı inkişafının təmin olunması istiqamətində genişmiqyaslı işlər həyata keçirib. Bu beşillik, təkcə dağıntıların aradan qaldırılması deyil, həm də regionun gələcək onilliklər üçün sosial, iqtisadi və ekoloji baxımdan modern bir məkana çevrilməsi baxımından həlledici əhəmiyyət daşıyır.
Mövzu ilə bağlı Trend-ə danışan Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, siyasi təhlilçi Aqşin Kərimov deyib ki, postmünaqişə dövrünün 5 illiyinə baxanda Azərbaycanın öz strateji müdafiə qabiliyyətlərini hansı formada gücləndirdiyini bir daha müşahidə etmiş oluruq.
“Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına ayrılan investisiyalar, o cümlədən həmin regionlarda hərbi təhlükəsizlik tədbirlərinin gücləndirilməsi bir sıra məqamlardan xəbər verir. Azərbaycan həmin regionu təkcə işğaldan azad edilmiş zona kimi diqqətdə saxlamır, eyni zamanda orada dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasına çalışır. Bunun üçün də ən vacib faktorlardan biri həmin regionlarda insan resurslarının olmasıdır”.
Siyasi təhlilçi bildirib ki, Azərbaycan "Böyük Qayıdış" proqramı çərçivəsində bir sıra layihələr həyata keçirir və məcburi köçkünlərin geri qayıdışını təmin edən fəal siyasət yürüdür.
“Bundan sonrakı hadisələr həmin regionda insan resurslu dayanıqlılığın təmin olunması üçün əlavə aktiv səylər tələb edəcək. Azərbaycan bunun da parametrlərini işləyib hazırlayacaq. Digər tərəfdən isə zəfərin qəbul edilməsi yönündə çox ciddi addımlar atılıb. Azərbaycanda fəaliyyət göstərən bir çox diplomatik nümayəndəliklərin rəsmiləri işğaldan azad olunan regionlara səfər edirlər. Müxtəlif ölkələrin dövlət başçılarının həmin ərazilərə səfərləri baş tutur. Bütün bunlar Azərbaycanın reallığı qəbuletdirmə mexanizmlərinin çox əhəmiyyətli məsafə qət etdiyini göstərir”.
O bildirib ki, Azərbaycan ordu quruculuğuna da diqqət yetirir.
“Bununla da Azərbaycan öz çəkindirmə gücünü, çəkindirmə vasitələrini artırmış olur ki, gələcəkdə Azərbaycana qarşı hər hansı bir revanş cəhdi baş tutmasın”,- deyə A.Kərimov əlavə edib.
İqtisadçı Eldəniz Əmirov Trend-ə açıqlamasında bildirib ki, Azərbaycan 44 günlük müharibə zamanı dünya ölkələrini necə heyrətləndirmişdisə, işğaldan azad etdiyi ərazilərdə də postmünaqişə dövründə eyni heyrəti yaşatdı.
O vurğulayıb ki, son 50 il ərzində heç bir regionda Azərbaycanın 5 il ərzində yenidənqurma və bərpa istiqamətində əldə etdiyi performans müşahidə edilməyib.
“5 il ərzində işğaldan azad edilən bölgələrə 22 milyon vəsait xərclənib. Yəni, həm siyasi arenada paralel olaraq gedən mübarizə - dönməz siyasət, davamlı uğur, iqtisadi arenada güzəştlərin tətbiqi, sahibkarlıq fəaliyyətinin yaradılması, iqtisadi inteqrasiyanın təmin olunması, əhalinin ora köçürülməsi, minatəmizləmə işləri, yol, enerji və digər infrastrukturun yaradılması, həmçinin bütün bunlara paralel olaraq Ermənistanı sülhə gətirmək, beynəlxalq aləmi özünün tam haqlı olduğuna inandırmaq - bütün bunlar Azərbaycan dövlətinin 5 il ərzində gördüyü uğurun sadəcə bir cümlədə ifadəsidir.
