Bakı.Trend:
Azərbaycan şəhərlərin və onları yaradan, idarə edən peşəkarların keyfiyyətinə sərmayə yatırır.
Trend xəbər verir ki, bunu bu gün BMT‑nin Məskunlaşma Proqramının (UN‑Habitat) icraçı direktoru Anaklaudiya Rossbax “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda keçirilən XIII Qlobal Bakı Forumunun açılış mərasimində bildirib.
O qeyd edib ki, hökumətin 2026-cı ili Azərbaycanda Şəhərsalma və Memarlıq ili elan etməsi qərarını alqışlayır.
“Bu, güclü siqnaldır: bəzi ölkələr qloballaşmanı sual altına aldığı bir vaxtda Azərbaycan şəhərlərinin və icmalarının keyfiyyətinə, həmçinin şəhərləri layihələndirən və idarə edən peşəkarlara sərmayə yatırır”, – deyə o bildirib.
Rossbax həmçinin WUF13 – Ümumdünya Şəhərsalma Forumunu əhəmiyyətini qeyd edib. Onun sözlərinə görə, forum may ayında Bakıda keçiriləcək və bu, UN-Habitat-ın dayanıqlı şəhər inkişafı üzrə qlobal platformasıdır.
Bundan əlavə, o, Qlobal Bakı Forumunun liderlərin və ekspertlərin dünyanın vəziyyətini və çoxtərəfliliyin gələcəyini açıq şəkildə müzakirə edə bildiyi mühüm platforma olduğunu vurğulayıb.
“Bugünkü şəraitdə bu rol hər zamankından daha vacibdir. Biz güclü geosiyasi gərginlik və çoxsaylı böhranların – münaqişələrin, iqlim şoklarının, iqtisadi qeyri-müəyyənliyin və etimadsızlığın artmasının – üst-üstə düşdüyü bir dövrdə toplaşırıq”, – deyə o bildirib.
Rossbax qeyd edib ki, bu qeyri-müəyyənlik dövrü həm də şəhərlər və mənzil təminatı üçün böhran dövrüdür.
“Bir milyarddan çox insan qeyri-rəsmi yaşayış məntəqələrində və gecəqondularda yaşayır. Dünyanın bir çox regionunda mənzillərin yüksək qiyməti, torpaq çatışmazlığı və iqlim fəlakətlərinin birləşməsi təhlükəsiz və adekvat yaşayış sahəsini çox sayda ailə üçün əlçatmaz edir”, – deyə o bildirib.
