Bakı. Trend:
Orta Dəhliz beynəlxalq ticarət sisteminin dayanıqlılığının mühüm elementidir.
Trend xəbər verir ki, bu barədə bu gün Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda keçirilən XIII Qlobal Bakı Forumunun açılış mərasimində bildirib.
“Son qlobal hadisələr alternativ marşrutların əhəmiyyətini bir daha vurğuladı. Rusiya‑Ukrayna müharibəsi Avrasiya boyunca uzanan ənənəvi nəqliyyat marşrutlarına ciddi təsir göstərib. Eyni zamanda Yaxın Şərqdə, o cümlədən İran, ABŞ və İsrail arasında qarşıdurmanın da daxil olduğu gərginlik qlobal enerji bazarında və beynəlxalq ticarətdə qeyri-müəyyənlik yaratmaqda davam edir.
Bu hadisələr bizə geosiyasi gərginliyin artdığı şəraitdə qlobal təchizat zəncirlərinin nə dərəcədə həssas olduğunu xatırladır. Belə bir kontekstdə şaxələndirilmiş və etibarlı nəqliyyat dəhlizləri regional və qlobal iqtisadi sabitlik üçün xüsusi əhəmiyyət kəsb edir. Beləliklə, Orta Dəhliz yalnız iqtisadi imkan deyil, həm də beynəlxalq ticarət sisteminin dayanıqlılığının mühüm elementidir”, – o bildirib.
B. Yıldırım qeyd edib ki, Orta Dəhliz Asiya ilə Avropa arasında daha sürətli və şaxələndirilmiş marşrutlar təklif edir, eyni zamanda dəhliz boyunca yerləşən ölkələr arasında iqtisadi əməkdaşlığı gücləndirir.
