...

Süni intellektlə qanunsuz şəkillər hazırlayanlar 7000 manatadək cərimə və 5 ilədək həbs ediləcək

Cəmiyyət Materials 12 Mart 2026 13:00 (UTC +04:00)
Süni intellektlə qanunsuz şəkillər hazırlayanlar 7000 manatadək cərimə və 5 ilədək həbs ediləcək
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Qanunsuz olaraq süni intellekt texnologiyaları, habelə xüsusi proqram təminatları vasitəsilə foto, video və ya audio materialları hazırlama və ya yayma cinayət hesab ediləcək.

Trend-in məlumatına görə, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin bugünkü videokonfrans formatında birgə iclasında müzakirə olunan Cinayət Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, şəxsin razılığı olmadan, onun görüntüsündən və ya səsindən istifadə etməklə süni intellekt texnologiyaları, habelə xüsusi proqram təminatları vasitəsilə reallığı əks etdirməyən foto, video və ya audio materialları hazırlama və ya həmin materialları mediada, kütləvi etdirildiyi halda internet nümayiş informasiya ehtiyatlarında və ya informasiya-telekommunikasiya şəbəkələrində yayma 3000 manatdan 7000 manatadək miqdarda cərimə və ya 360 saatdan 480 saatadək ictimai işlər və ya 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Eyni əməllər bir qrup şəxs və ya qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, iki və ya daha çox şəxsə qarşı törədildikdə, şəxsin şərəf və ləyaqətini ləkələmək və ya onu nüfuzdan salmaq məqsədilə törədildikdə, zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumlarına qarşı törədildikdə 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Cinayət Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsi

Qanun layihəsinə əsasən, ictimai-xüsusi ittiham qaydasında cinayət təqibi zərər çəkmiş şəxsin şikayəti əsasında və prokurorun təşəbbüsü ilə yuxarıda göstərilən cinayətlərə görə də həyata keçiriləcək.

Mövcud qanunvericiliyə görə, ictimai-xüsusi ittiham qaydasında cinayət təqibi zərər çəkmiş şəxsin şikayəti olmadan prokuror tərəfindən yalnız aşağıdakı hallarda başlanıla bilər:

  • törədilmiş cinayət dövlətin və ya cəmiyyətin mənafeyinə toxunduqda;
  • cinayət hakimiyyət nümayəndəsi və ya dövlət orqanlarının digər vəzifəli şəxsləri tərəfindən, yaxud onlara qarşı törədildikdə;
  • cinayət hamilə vəziyyətdə olan qadın, qoca və köməksiz vəziyyətdə olan şəxs barəsində törədildikdə;
  • cinayət hədə-qorxu, məcburiyyət təsiri altında və ya onu törətmiş şəxsdən asılı vəziyyətdə olan digər şəxs barəsində törədildikdə;
  • cinayət fəaliyyət qabiliyyəti olmayan və ya cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış şəxs tərəfindən və ya ona qarşı törədildikdə.
Məqalədə:
Xəbər lenti

Xəbər lenti