...

Kiber-dələduzluq fəaliyyəti ilə məşğul olan cinayətkar qruplar transmilli xarakter daşıyır - Emil Mehdiyev

Cəmiyyət Materials 12 Mart 2026 11:26 (UTC +04:00)
Kiber-dələduzluq fəaliyyəti ilə məşğul olan cinayətkar qruplar transmilli xarakter daşıyır - Emil Mehdiyev
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Kiber-dələduzluq fəaliyyəti ilə məşğul olan cinayətkar qruplar adətən transmilli xarakter daşıyır və bu xüsusat istintaq hərəkətlərinin və əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsini daha da mürəkkəbləşdirir.

Trend xəbər verir ki, bunu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəisi Emil Mehdiyev bu gün Bakıda Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günü münasibətilə “Müasir rəqəmsal dünyada istehlakçılar: elektron ticarət, rəqəmsal xidmətlər və təhlükəsizlik məsələləri” mövzusunda keçirilən forumda bildirib.

Onun sözlərinə görə, belə qrupların üzvləri arasında birbaşa fiziki əlaqə əksər hallarda mövcud olmur və onlar bir-birini şəxsən tanımırlar və əlaqələr əsasən sosial şəbəkələr, müxtəlif messencer tətbiqləri və digər elektron kommunikasiya vasitələri üzərindən qurulur:

“Nəticə etibarı ilə bu hallar cinayətkarların müəyyən edilib məsuliyyətə cəlb olunmasını əhəmiyyətli dərəcədə çətinləşdirir.

Bununla belə kiber-cinayətkarlıqla mübarizədə həyata keçirilən əməliyyat-texniki tədbirlər və beynəlxalq əməkdaşlıq mexanizmləri müəyyən müsbət nəticələr verməkdədir. Transmilli xarakter daşıyan bu cinayətlərin araşdırılması zamanı beynəlxalq hüquqi yardım mexanizmlərindən geniş istifadə olunur. Lakin vurğulamaq istərdim ki, kiber-cinayətkarlıqla mübarizə yalnız hüquq-mühafizə orqanlarının fəaliyyəti ilə kifayət deyil. Bu sahədə effektiv nəticənin əldə olunması üçün bütün maraqlı tərəflərin: dövlət qurumları, banklar, maliyyə institutları, mobil rabitə operatorları və internet provayderlərin birgə fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir”.

E. Mehdiyev əlavə edib ki, Azərbaycanda elektron ticarətdə saxta saytlar, fişinq və süni intellekt əsas dələduzluq riskləridir:

"Ən geniş yayılmış üsullar arasında saxta elektron ticarət saytları, saxta investisiya platformaları, maliyyə dələduzluğu sxemləri, eləcə də fişinq və digər aldatma metodları yer alır.

Bu üsullarla cinayətkarlar insanların etibarından sui-istifadə edərək müxtəlif vədlər və saxta təkliflərlə onların pul vəsaitlərini ələ keçirirlər. Cinayətlərin ümumi mahiyyəti dəyişməsə də, istifadə olunan aldatma üsulları və texnologiyalar getdikcə daha da təkmilləşir. Xüsusilə süni intellekt texnologiyalarının inkişafı bu sahədə yeni risklər yaradır. Artıq bəzi hallarda süni intellekt vasitəsilə fişinq mesajlarının hazırlanması və hətta insanların səsinin klonlaşdırılması kimi üsullarla həyata keçirilən dələduzluq halları müşahidə olunur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti