...

İranda qızlar məktəbinə endirilən zərbələrə görə cavabdehlər cəzalandırılsın - İtaliya Baş naziri

Dünya xəbərləri Materials 11 Mart 2026 15:36 (UTC +04:00)
İranda qızlar məktəbinə endirilən zərbələrə görə cavabdehlər cəzalandırılsın - İtaliya Baş naziri
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

İtaliyanın Baş naziri Ciorciya Meloni İranın cənubunda yerləşən Minab şəhərində ibtidai qızlar məktəbinə endirilən zərbələri pisləyib və hücuma görə məsuliyyət daşıyan şəxslərin müəyyən edilməsinə çağırıb.

Trend bu barədə İtaliya KİV-ə istinadən xəbər verir.

“İranın cənubundakı Minab şəhərində baş verən və azyaşlı qızlara qarşı yönəlmiş kütləvi hücumu qətiyyətlə pisləyirəm...Gənc qurbanların ailələri ilə həmrəyliyimi bildirir və bu faciəyə görə məsuliyyətin tezliklə müəyyən edilməsini xahiş edirəm. Mülki əhalinin və uşaqların təhlükəsizliyi təmin olunmalıdır”,- deyə italiyalı hökumət başçısı vurğulayıb.

İtaliya KİV-in yazdığına görə, Meloninin senatda çıxışının həm müxalifət, həm də hakim koalisiyaya daxil olan deputatlar tərəfindən alqışlanan yeganə hissəsi məhz bu cümlələri olub.

Xatırladaq ki, martın 2-də Minabdakı qızlar məktəbinə endirilən aviazərbə nəticəsində 165 şagird və müəllim həyatını itirib, 95 nəfər yaralanıb.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum edib.

İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilər ölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali Lideri seçib.

1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın Şərqin müxtəlif ölkələrini əhatə edib.

ABŞ tərəfinin itkisinin 8 ölü, 140-dan çox yaralı olduğu bildirilib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti