Bakı. Trend:
“Ekspo 2025” dünya sərgisindəki Azərbaycan pavilyonu növbəti mükafatın qalibi olub. Ötən il Yaponiyanın Osaka şəhərində Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə yaradılan milli pavilyonumuz “Memarlıq dizaynı” (Architectural Design) kateqoriyasında Daşınmaz Əmlak və Memarlıq Mükafatına (The Real Estate & Architecture Award) layiq görülüb.
Trend xəbər verir ki, memarlıq və daşınmaz əmlak layihələri üzrə bu beynəlxalq mükafat müxtəlif ölkələrdən olan mütəxəssislər qrupu tərəfindən Almaniyada təsis edilib. Mükafatın əsas məqsədi ən yaxşı dizayn, memarlıq nümunələri və daşınmaz əmlak layihələrini tanıtmaqdır.
Azərbaycan pavilyonu üzrə qiymətləndirmə zamanı layihənin memarlıq konsepsiyası və dizaynın keyfiyyəti, innovasiya və orijinallıq, davamlılıq kimi meyarlar nəzərə alınıb.
“Ekspo 2025” dünya sərgisindəki Azərbaycan pavilyonu bundan əvvəl Alman Dizayn Mükafatının (German Design Award) “Mükəmməl kemarlıq / Yarmarka və sərgi” (Excellent Architecture / Fair and Exhibition) kateqoriyasında da qalib seçilmişdi.
2000-ci ildən Ekspo sərgilərində uğurla iştirak edən və milli pavilyonlar sırasında müxtəlif mükafatlar alan Azərbaycan Osaka şəhərində də uğurla təmsil olunub. Buradakı milli pavilyon ən seçilən və ziyarət edilənlər sırasında olub. “Ekspo 2025”də “Dayanıqlı inkişafa doğru yeddi körpü” (Seven bridges for sustainability) mövzusunu əhatə edən Azərbaycan pavilyonunun konsepsiyası dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin “Yeddi gözəl” poemasından qaynaqlanırdı.
Aprelin 13-dən oktyabrın 13-dək fəaliyyət göstərən “Ekspo 2025”də pavilyonumuz 2 milyondan çox ziyarətçi qəbul edib.
