Bakı. Trend:
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı ordu generalı Metin Tokelin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Trend bu barədə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinə istinadən xəbər verir..
Bildirilib ki, səlahiyyətli nümayəndə Ceyhun Cəlilov görüş zamanı Azərbaycan və Türkiyə arasında dərin tarixi köklərə, ortaq dəyərlərə və qarşılıqlı etimada əsaslanan münasibətlərin dinamik inkişaf etdiyini qeyd edib. Vurğulayıb ki, müstəqil Azərbaycan bu gün müzəffər lideri, güclü dövləti, qüdrətli ordusu və vətənpərvər xalqı ilə dünya arenasında fəxrlə addımlayır. Azərbaycan və Türkiyənin "Bir millət, iki dövlət" anlayışı ilə əsrlərə dayanan dostluq və qardaşlıq münasibətləri siyasi, iqtisadi, hərbi, mədəni və digər sahələrdə dərinləşməkdədir.
Ceyhun Cəlilov bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsi dövründə, eləcə də bütün sahələr üzrə Türkiyənin göstərdiyi mənəvi və siyasi dəstək ölkəmizdə yüksək qiymətləndirilir.
Səlahiyyətli nümayəndə Naxçıvan Beynəlxalq Hava Limanının dron hücumuna məruz qalması nəticəsində Naxçıvan–Bakı və əks istiqamətlərdə uçuşların müvəqqəti dayandırılmasına da toxunub. Qeyd edib ki, muxtar respublika ilə ölkəmizin əsas hissəsi arasında sərnişin daşımalarının fasiləsizliyini təmin etmək məqsədilə 5-9 mart tarixlərində Bakıdan Türkiyənin İğdır şəhərinə aviareyslərin təşkil olunması qardaş ölkə ilə dostluq və müttəfiqlik münasibətlərimizin əyani ifadəsidir.
Ceyhun Cəlilov, həmçinin Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Respublikası arasında Sədərək-Dilucu gömrük-keçid məntəqəsi vasitəsilə gediş-gəlişin təmin olunmasında mühüm rol oynayan, “Bir millət, iki dövlət” kəlamının rəmzinə çevrilən “Ümid” körpüsünün Ümummilli Lider Heydər Əliyev və Türkiyə Respublikasının Baş naziri Süleyman Dəmirəlin iştirakı ilə istifadəyə verildiyini xatırladıb.
Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı ordu generalı Metin Tokel strateji müttəfiqliyə əsaslanan hərbi əməkdaşlığın daha da genişləndirilməsi baxımından qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb. O, Azərbaycan Ordusunun davamlı inkişaf etdiyini və bunun qardaş Türkiyədə böyük məmnunluq doğurduğunu qeyd edib.
Metin Tokel Naxçıvan Muxtar Respublikasına dron hücumunun narahatlıq doğurduğunu diqqətə çatdırıb.
Görüşdə Azərbaycan-Türkiyə strateji əməkdaşlığının müxtəlif istiqamətləri müzakirə olunub, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
