Bakı.Trend:
Dünya heç vaxt olmadığı qədər çoxqütblü olub, lakin eyni zamanda çoxtərəflilik bu gün əvvəlkindən daha zəifdir.
Trend xəbər verir ki, bunu Avropa İtttifaqı Şurasının keçmiş prezidenti Şarl Mişel martın 12-dən 14-ə kimi keçiriləcək XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən mətbuat konfransında bildirib.
“Dünya heç vaxt olmadığı qədər çoxqütblü olub və eyni zamanda görürük ki, bu gün çoxtərəflilik heç vaxt olmadığı qədər zəifdir. Bundan əlavə, biz yenidən böyük güclər arasında sərt rəqabətin şahidi oluruq. Dünyanın müxtəlif bölgələrində getdikcə daha çox ölkənin bu proseslərdə iştirak etdiyini müşahidə etmək olar. Bu, artıq bir neçə ildir müşahidə etdiyimiz uzunmüddətli tendensiyadır”, – deyə o bildirib.
Mişelin sözlərinə görə, energetika sahəsindəki ənənəvi rəqabətə əlavə olaraq, yeni rəqabət istiqamətləri də meydana çıxır.
“Təbii resurslar sahəsində də görürük ki, texnologiyalar vasitəsilə, eləcə də nüvə energetikasına qayıdış fonunda ölkələr və güclər arasında rəqabətin formalaşdığı yeni sahələr yaranır”, – deyə o bildirib.
Onun sözlərinə görə, yalnız bir böyük gücün ardınca getmək istəməyən orta gücə malik dövlətlər də meydana çıxır. Bu ölkələr daha çox imkan və daha yüksək dayanıqlılıq əldə etmək üçün tərəfdaşlıqlarını şaxələndirməyə çalışırlar.
Şarl Mişel qeyd edib ki, mövcud şəraitdə Bakı Qlobal Forumu qarşılıqlı anlaşmanı yaxşılaşdırmaq və müəyyən səylər göstərmək üçün mühüm imkan yaradır.
