...

ABŞ ilə iqtisadi-ticarət tərəfdaşlığının gücləndirilməsinə dair müzakirələr aparılıb (FOTO)

İqtisadiyyat Materials 11 Mart 2026 18:52 (UTC +04:00)
ABŞ ilə iqtisadi-ticarət tərəfdaşlığının gücləndirilməsinə dair müzakirələr aparılıb (FOTO)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Vaşinqton. Trend:

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev ABŞ-yə səfər çərçivəsində Vaşinqtonda ABŞ-Azərbaycan ticarət və biznes konfransında iştirak edib. ABŞ dövlət qurumlarının və şirkətlərinin nümayəndələri ilə keçirilən görüşlərdə iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, investisiya imkanları və yeni əməkdaşlıq istiqamətləri müzakirə olunub.

Trend-in xüsusi müxbiri xəbər verir ki, Vaşinqton şəhərində ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) yaranmasının 30-cu ildönümünə həsr olunan ABŞ-Azərbaycan ticarət və biznes konfransı keçirilib. Tədbirdə dövlət rəsmiləri ilə yanaşı, hər iki ölkədən enerji, maliyyə, İKT və digər sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak ediblər.

Tədbirin açılış mərasimində USACC-nin icraçı direktoru Natiq Baxışov, palatanın Direktorlar Şurasının sədri Reza Vəziri və Azərbaycanın ABŞ-də səfiri Xəzər İbrahim çıxış ediblər. Bildirilib ki, USACC 30 illik fəaliyyəti dövründə iki ölkənin biznes dairələri arasında etibarlı dialoqun formalaşmasında və qarşılıqlı investisiyaların təşviqində mühüm rol oynayıb. Azərbaycanla ABŞ arasında münasibətlər artıq təkcə enerji sektoru ilə məhdudlaşmır, ticarət, nəqliyyat, sənaye, innovasiya və rəqəmsal transformasiya kimi istiqamətlər üzrə də əməkdaşlıq genişlənir.

Konfransın “İkitərəfli ticarət və strateji əməkdaşlığın gücləndirilməsi” mövzusunda əsas sessiyasında çıxış edən iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev vurğulayıb ki, Azərbaycan və ABŞ arasında dialoqun institusionallaşdırılması, iqtisadi əməkdaşlıq üçün çərçivənin yaradılması və birgə investisiya modelinin formalaşdırılması tərəfdaşlığın möhkəmlənməsində önəm daşıyır. Qeyd olunub ki, ötən ilin avqustunda Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-yə səfəri çərçivəsində imzalanmış sazişlər, həmçinin ABŞ-nin vitse-prezidenti Cey. Di. Vens fevral ayında ölkəmizə səfəri zamanı imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası ikitərəfli münasibətlərdə yeni mərhələ açıb. ABŞ Prezidentinin iştirakı ilə Azərbaycan və Ermənistan liderlərinin imzaladığı Sülh üzrə Birgə Bəyannamə çərçivəsində nəzərdə tutulan “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” ticarət və investisiyaların genişlənməsinə töhfə verəcək.

Çıxışda Azərbaycanın əlverişli işgüzar mühiti, Qarabağ və Şərqi Zəngəzurun iqtisadi potensialı, həmçinin tranzit-logistik imkanları və əlavə dəyər yaradan fəaliyyətlərin mərkəzi kimi nəzərdə tutulan Ələt Azad İqtisadi Zonası barədə məlumat verilib.

Energetika nazirinin müavini Orxan Zeynalov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və SOCAR-ın prezidenti Rövşən Nəcəf enerji və nəqliyyat-logistika sahələrində birgə fəaliyyətin gücləndirilməsi perspektivlərindən bəhs ediblər. Qeyd edilib ki, Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi regional və qlobal enerji təhlükəsizliyinə verdiyi töhfə, eləcə də təşəbbüskarı olduğu regional nəqliyyat layihələri ikitərəfli və çoxtərəfli tərəfdaşlıq potensialını artırır.

ABŞ Ticarət Nazirliyinin sənaye və təhlükəsizlik üzrə katibinin müavini Cefri Kesler və ABŞ Dövlət Departamentinin enerji və kritik minerallar üzrə katibinin köməkçisinin müavini Reci Sinqh iki ölkə arasında işgüzar əlaqələrin genişləndirilməsinin və qarşılıqlı maraq doğuran sahələr üzrə birgə fəaliyyətin təşviqinin əhəmiyyətini vurğulayıblar.

Konfransda texnologiya və innovasiya, rəqəmsallaşma, enerji infrastrukturu, maliyyə və bankçılıq sahələrini əhatə edən panel sessiyaları keçirilib, müzakirələr aparılıb.

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev “HAIMAKER.AI Inc.” şirkətinin baş icraçı direktoru və həmtəsisçisi Su Le ilə görüşüb. Görüşdə rəqəmsal transformasiya, süni intellekt texnologiyalarının tətbiqi və innovativ rəqəmsal həllər sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin ABŞ rəsmiləri ilə keçirdiyi görüşlərdə iqtisadi əməkdaşlığın və işgüzar əlaqələrin gücləndirilməsi müzakirə olunub.

ABŞ Ticarət Nazirliyinin sənaye və təhlil üzrə köməkçi katib vəzifəsini icra edən Bill Gidera ilə görüşdə Azərbaycanla ABŞ arasında iqtisadi əməkdaşlığın inkişaf etdiyi qeyd olunub, investisiya, enerji, nəqliyyat və logistika, rəqəmsal iqtisadiyyat və süni intellekt sahələrində birgə fəaliyyət imkanları müzakirə edilib. Həmçinin regional bağlantı layihələri və Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu təşəbbüsünün yaratdığı potensial barədə fikir mübadiləsi aparılıb.

ABŞ-nin Ticarət və İnkişaf Agentliyinin (USTDA) regional direktoru Karl Kress ilə görüşdə USTDA-nın fəaliyyət istiqamətləri çərçivəsində Azərbaycanda mövcud əməkdaşlıq potensialı, xüsusilə infrastruktur, enerji, logistika və texnologiya sahələrində həyata keçirilə biləcək layihələr müzakirə olunub.

ABŞ Dövlət Departamentinin nümayəndələri – İqtisadi, Enerji və Biznes Məsələləri Bürosunun baş müavininin köməkçisi Hugo Yon və Ticarət Siyasəti və Danışıqlar Ofisinin müavinin katibi Tserinq Donqtoq ilə görüşdə ABŞ ilə iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub, ticarət, investisiya, enerji, nəqliyyat və rəqəmsal iqtisadiyyat sahələrində işbirliyinin genişləndirilməsi haqqında fikir mübadiləsi aparılıb. ABŞ şirkətlərinin ölkəmizdə fəaliyyətinin genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi perspektivləri diqqət mərkəzində olub.

ABŞ-nin Ticarət Nümayəndəliyi Ofisinin (USTR) Avropa və Yaxın Şərq üzrə müavini Ceff Gettman ilə görüşdə Azərbaycan-ABŞ iqtisadi-ticarət əməkdaşlığının mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub, qarşılıqlı ticarətin və investisiyaların artırılması imkanları barədə fikir mübadiləsi aparılıb. Həmçinin ticarət siyasəti, təchizat zəncirlərinin şaxələndirilməsi və ABŞ şirkətlərinin ölkəmizdə fəaliyyətinin genişləndirilməsi müzakirə edilib.

ABŞ İxrac–İdxal Bankının vitse-prezidenti Benjamin Todd və ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının (DFC) idarəedici direktoru Kennet Angel, VİSA şirkətinin vitse-prezidenti Kaitlin Makdonnel, “Tetra Tech” şirkətinin tərəfdaşı Endi Qrimincer ilə görüşlərdə rəqəmsal transformasiya, bulud texnologiyalarının tətbiqi, dövlət xidmətlərinin rəqəmsallaşdırılması və məlumat infrastrukturlarının inkişafı istiqamətində əməkdaşlıq imkanları müzakirə olunub. Həmçinin Azərbaycanda həyata keçirilən iqtisadi layihələrdə maliyyə alətlərinin tətbiqi, enerji, logistika, sənaye və innovasiya sahələrində potensial layihələr və investisiya əməkdaşlığının perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində İqtisadiyyat Nazirliyi ilə “HAIMAKER.AI Inc” şirkəti arasında Azərbaycanda yeni nəsil rəqəmsal platforma və ekosisteminin yaradılması üçün potensial tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti