Bakı. Trend:
Yaxın Şərqdə münaqişənin kəskinləşməsindən sonra İran, Livan və İsraildə 1 800-dən çox insan həyatını itirib, azı 12 500 nəfər isə yaralanıb.
Trend xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus məlumat verib.
Onun sözlərinə görə, İranda ölənlərin sayı 1 300-dən çoxdur, 9 000-dən artıq insan isə yaralanıb.
Livanda azı 570 nəfər həlak olub, 1 400-dən çox şəxs xəsarət alıb. İsraildə isə 15 nəfər ölüb, 2 142 nəfər yaralanıb.
ÜST rəhbəri əlavə edib ki, səhiyyə müəssisələrinə qarşı hücumların sayı da artıb. Onun bildirdiyinə görə, fevralın 28-dən etibarən İranda səhiyyə obyektlərinə 18, Livanda 25, İsraildə isə iki hücum qeydə alınıb.
Qebreyesus qeyd edib ki, belə hücumlar yalnız insan itkisinə səbəb olmur, eyni zamanda əhalinin həyati əhəmiyyət daşıyan tibbi xidmətlərə çıxışını da məhdudlaşdırır.
Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum edib.
İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilər ölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali Lideri seçib.
1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın Şərqin müxtəlif ölkələrini əhatə edib.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə çağırıb.
